Dönüş nöqtəsi
Ən müsbət və ciddi irəliləyiş odur ki, artıq Ermənistan özü birbaşa danışıqlarda maraqlıdır
Elmar Məmmədyarov: “Artıq erməni tərəfi də anlayır ki, Bakı və İrəvanın hazırladığı sülh sənədini paytaxt-paytaxt gəzdirməyin mənası, nəticəsi yoxdur”
26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub. Görüşdə iştirak edən ölkə rəhbərləri, o cümlədən Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistan baş naziri arasında ayrıca təmaslar da olub. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistan liderləri Peterburqda xüsusi danışıqlar aparmayıblar. Onun sözlərinə görə, liderlərin hamısının ayaqüstü qısa təmaslar üçün imkanı olub: "Onlar dünən danışıqlar aparmayıblar, lakin belə tədbirlər, o cümlədən MDB-nin qeyri-rəsmi sammiti həmişə ayaqüstü qısa təmaslar üçün yaxşı fürsətdir. Bu dəfə də belə olub".
Peskov Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən də danışıb: “Bakı ilə İrəvanın sülh müqaviləsini yekunlaşdırmağa doğru irəlilədiyini qeyd edirik. Ümid edirik ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini mümkün qədər tez bağlayacaq. Əsas odur ki, biz hər iki tərəfdə - həm Bakıda, həm də İrəvanda siyasi iradənin olduğunu görürük. Təbii ki, biz bunu dəstəkləyirik. İnanırıq ki, belə bir müqavilənin bağlanması həm iki ölkə, həm də bütün regionda sülh və sabitlik üçün faydalı olacaq”. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür: "Sülh heç vaxt bu qədər yaxın olmayıb. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Onlar bu istiqamətdə addımlar atır". Spiker əlavə edib ki, Ermənistan və Azərbaycan arasında qarşıdan gələn sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb: “Bəzi suallar qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi sülh sazişi ilə bağlı öz təkliflər paketini Ermənistana göndərib. Bundan öncə İrəvan təkliflərini Bakıya yollamışdı. Keçmiş XİN başçısı bildirib ki, proses bir neçə dəfə təkrarlanıb və mühüm məqam odur ki, Azərbaycan-Ermənistan arasında danışıqlar, müzakirələr birbaşa, ikitərəfli qaydada gedir:
"Proses kənar ölkələrin, hansısa üçüncü tərəfin iştirakı olmadan daha sürətli irəliləyir. Məhz ikitərəfli görüş və müzakirələrin nəticəsində əsirlər qarşılıqlı dəyişdirildi, COP 29 tədbiri ilə bağlı razılıq əldə olundu, etimad mühitinin yaradılması yönündə anlaşmalar oldu. Ən müsbət və ciddi irəliləyiş odur ki, artıq Ermənistan özü birbaşa danışıqlarda maraqlıdır. Heç bir vasitəçiyə ehtiyac duymadan sülhlə bağlı təkliflərini rəsmi Bakıya göndərir. Bakı da müzakirə edib eyni qaydada geri göndərir. Mən nazir kimi fəaliyyətə başlayan gündən deyirdim ki, vasitəçisiz görüşlər keçirilməlidir. O vaxt Ermənistana da təklif edirdim ki, birbaşa görüşlərə, müzakirələrə keçək. Hətta tetatet görüşlər, təmaslar da olurdu. Məsələn, mən öz erməni həmkarımla bir otaqda təkbətək görüşürdüm, amma yan otaqda da həmsədrlər, Minsk qrupunun keçmiş vasitəçiləri otururdular. Elə işi korlayanlar da həmsədr dövlətlər idi".
E.Məmmədyarov vurğulayıb ki, Vaşinqton, Brüssel, yaxud Moskva olsun, fərqi yoxdur, üçüncü tərəfin iştirakı ilk növbədə onların öz maraqlarının təmin olunmasına xidmət edir:
"Hər ölkənin öz marağı var. Fransa və ABŞ-nin mövqeyi bunu sübut etdi. Ermənistan-Azərbaycan arasında sərhəd komissiyalarının bu yaxınlarda Qazaxda görüşü baş tutdu və nəticə də oldu. Eyni qaydada daha yüksək rəsmilərin, nazirlərin, yaxud ölkə rəhbərliyinin təmasını reallaşdırmaq mümkündür. Tərəfləri təmsil edən nümayəndələr sülh sazişinin mətni üzərində bir yerdə çalışa bilərlər. Ermənistanın gec də olsa reallığı dərk etməsi ümidvericidir. Artıq erməni tərəfi də anlayır ki, Bakı və İrəvanın hazırladığı sülh sənədini paytaxt-paytaxt gəzdirməyin mənası, nəticəsi yoxdur. Ən yaxşısı və effektlisi ikitərəfli görüş və müzakirələrdir. Əgər bunu davam etdirmək mümkün olarsa, yaxın dönəmdə sülh sazişi imzalana bilər".
Eks nazirin fikrincə, Ermənistanın nicatı Azərbaycan və Türkiyə ilə dil tapmaq, qonşuluq münasibətlərini bərpa etməkdir:
"Sülh müqaviləsinin imzalanması, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilk növbədə hamıdan çox ermənilər üçün lazımlı, faydalıdır. Türkiyə ilə sərhədlərin açılması, kommunikasiyaların fəaliyyətə başlaması Ermənistanın iqtisadi baxımdan dirçəlməsi deməkdir. Azərbaycan dəhlizi Ermənistandan yox, İrandan keçirərsə, itirən kim olacaq? Əlbəttə, Ermənistan. Təəssüf ki, bunu hələ dərk etmirlər".