Azərbaycan və Ermənistan danışıqları üçüncü tərəfin girovuna çevrilməməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib. Nazir bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və nümayəndə heyətləri dövlət sərhədində görüşə bilər. Belə bir təkliflə Azərbaycan çıxış edib. XİN başçısı xatırladıb ki, iki ölkənin delimitasiya komissiyaları artıq iki dəfə sərhəddə görüşüb. C.Bayramov əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün mühit önəmlidir. Nazir 2023-cü ilin sonunda müəyyən müsbət nəticələrin birbaşa təmaslar nəticəsində əldə olunmasına diqqət çəkib: "2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq. Eyni zamanda öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq. Sülh istiqamətində hər hansısa müsbət irəliləyiş olarsa, bu, ümumi prosesə yaxşı mənada təsir edə bilər. Bu mənada, dekabrdakı inkişaf ciddi etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilər. Razılıq iki ölkə arasında birbaşa əldə edilib, üçüncü ölkənin iştirakı ilə baş verməyib". XİN başçısı sülh gündəliyi üçün müxtəlif istiqamətlərin olduğunu bildirib: “Noyabrın 30-da delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi müsbət inkişafa yönəlik addımdır”. Vurğulayıb ki, noyabr ayında sülh sazişi ilə bağlı Ermənistan tərəfindən təkliflər paketi alınıb: "Ondan əvvəl biz, Ermənistana bir ay müddətində öz təkliflər paketimizi hazırlayaraq göndərmişdik. Bildiyiniz kimi, bu proses 2022-ci ilin oktyabrından başlayıb və fiziki görüşlər də bu prosesin bir hissəsidir. Lakin son zamanlar fiziki görüşlərdə bəlli durğunluq oldu. Ümid edirik ki, 2024-cü ildə bu görüşlərin keçirilməsinin şahidi olacağıq. Vaxt itkisi olmaması üçün də bu təkliflər paketinin üzərində və proses üzərində işləyəcəyik". Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev də Ermənistanla sülh sazişinə çox yaxın olduğumuzu söyləyib. O qeyd edib ki, bununla bağlı hansısa dəqiq tarix demək çox çətindir: “Lakin əsas mübahisəli məsələlər sıfıra enib. Demarkasiya və delimitasiya uzun bir prosesdir. Hesab edirəm ki, bu, sənədə daxil olmayacaq. Məsələn, uzun illərdir biz Gürcüstanla bunu həll etməmişik. Sülh sazişi əsas prinsiplər məsələsində uzlaşmaqdır. İndiki zamanda daha çox Ermənistan sülh sazişində maraqlı olmalıdır. Bu, bölgəyə sabitlik gətirəcək”.
F.Şəfiyev diqqətə çatdırıb ki, anklavlar məsələsi də delimitasiya çərçivəsində həll oluna bilər: "Bizim 8 anklavımız işğal altındadır. Anklav məsələsinin həll edilməməsinin səbəbkarı yenə Ermənistandır. Vaxtilə anklav məsələsi qaldırılanda ermənilər dedilər ki, 1960 və ya 1980-ci illərdə guya bəzi ərazilər qeyri-qanuni səviyyədə Azərbaycana verilib və ona görə tanımırlar. 1929-cu ildə də Naxçıvanın bəzi kəndləri Ermənistana verilib. O zaman niyə 1960-cı illərdəki proseslərə baxılır, ondan əvvəlkilərə baxılmır?".
Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, əgər Ermənistanın konstruktiv mövqeyi olarsa, sülh prosesini yekunlaşdırmaq və sazişi imzalamaq olar. Deputatın sözlərinə görə, başlanğıcdan rəsmi Bakının mövqeyi o idi ki, sərhədlərin delimitasiya və demarkasiyası da vaxtında həyata keçirilsin ki, açıq məsələlər qalmasın:
"Sülh müqaviləsinin imzalanması digər məsələlərin də konstruktiv həllini şərtləndirəcəksə, sazişi imzalamaq barədə düşünmək olar. Ancaq Ermənistanın bununla bağlı üzərinə götürəcəyi öhdəliklər məsələsinə də diqqətli yanaşmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunmuş imici belədir ki, ölkəmiz hər zaman öz üzərinə düşəni dəqiqliklə icra edir. Azərbaycan Prezidentinin sözü imzası qədər keçərlidir. Dövlətimiz çox etibarlıdır. Ermənistan tərəfinin sərhədlərin müəyyənləşməsi məsələsi üzərindən yenidən spekulyasiya edib-etməyəcəyi məsələsi bəlli deyil. Azərbaycan bu gün güc mövqeyindən çıxış edir. Siyasi-diplomatik və hərbi cəhətdən, iqtisadi baxımdan öz güc mövqeyimizi təmin etmişik. Sözsüz ki, belə məqamda prosesləri idarə etmək, onlara təsir göstərmək gücündəyik. Sülh gündəliyini də bütün komponentləri ilə irəli aparan məhz Azərbaycandır. Bizimlə bağlı hər şey müəyyəndir, baxışlarımız çox aydındır, sətiraltı mövqeyimiz yoxdur. Ermənistanın mövqeləri də tez zamanda sülh haqqında düşünmək üçün əsas verməlidir".
Parlamentari vurğulayıb ki, Ermənistan sülhə hazır olduğunu nümayiş etdirməklə paralel olaraq Azərbaycana qarşı əsassız ittihamlar irəli sürür. Paşinyan sətiraltı mesaj ötürür ki, "sülh müqaviləsinin imzalanmasını istəməyən tərəflər var". Sərgilədiyi mövqedən aydın olur ki, baş nazir Azərbaycanı nəzərdə tutur. Bu, qəbulolunmaz və əsassızdır. Azərbaycan bütün səmimiyyəti ilə Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasının təşəbbüskarı və əsas qarantı rolunda çıxış edir. Ermənistan özü pozuculuq fəaliyyəti ilə məşğul olmaqdadır. Çalışır ki, məsuliyyəti Azərbaycanın üzərinə atsın. İrəvanın hansısa məqamda "üzüyola" davranması bizdə yanlış təsəvvür formalaşdırmamalıdır. Hər zaman görmüşük ki, Ermənistanın sərgilədiyi mövqelərlə atdığı addımlar arasında paradoksallıq mövcuddur. O baxımdan diqqətli olaraq, Ermənistanın alt planlarını da görərək sülh sazişini imzalamaq olar. Lakin digər məsələlərin də ədalətli həllini tapacağı ilə bağlı əminliyimiz olmalıdır".