“Bu, sadəcə iki əməkdaşdan ibarət bir ofis olacaq. İranla Ermənistan arasındakı ticarət dövriyyəsinə baxsaq görərik ki, burda da nəzərə çarpacaq və böyük perspektivlər vəd ediləcək bir mənzərə yoxdur”
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfər edib və erməni həmkarı Arorat Mirzoyanla görüşüb. Hər zamankı kimi Abdullahian İrəvanda sevinc və mehribanlıqla qarşılanıb. Tərəflər ikili əlaqələrin genişləndirilməsindən və Azərbaycanla sülh müqaviləsindən danışıblar. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb. Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə hər iki tərəf Ermənistan və İran arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin və bu istiqamətdə razılaşmaların həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə də toxunub və regionda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar”, - məlumatda qeyd olunub. İran xarici işlər naziri onu da əlavə edib ki, 2024-cü ilin ilk həftələrində Təbrizdə Ermənistanın baş konsulluğu açılacaq. Məlumdur ki, İran da Qafanda öz konsulluğunu açmışdı. Görünür, Tehran rejimi buna cavab olaraq Təbrizdə Ermənistana baş konsulluq hədiyyə etməyi qərara alıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev deyib ki, Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması siyasi bir addımdır. Bu, bizim üçün müəyyən mesajdır. O, bu qərarın İranda yaşayan azərbaycanlılar üçün hansısa problem yaradacağını düşünmür: "İran suveren bir ölkə kimi Ermənistanla hansısa münasibətlər qura bilər. Biz illərdir Təbrizdə mədəni mərkəz yaratmaq istəyirik, bu məsələ həll olunmur, lakin necə olursa, Ermənistanın təklifləri tez bir zamanda həllini tapır”.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında öncə Ermənistan üçün Təbrizdə konsulluğunun açılması nə qədər vacibdir məsələsini şərh edib. Deputat bildirib ki, əslində, Ermənistanın Təbrizdə konsulluq açması məntiqsiz bir addımdır: "Çünki Təbriz azərbaycanlıların yaşadığı şəhərdir və orada ermənilər barmaqla sayılacaq qədərdir. Belə olan halda Təbrizdə Ermənistan konsulluğunun xidmətlərindən kim yararlanacaq? Demək olar ki, heç kim. Bu, sadəcə iki əməkdaşdan ibarət bir ofis olacaq. İranla Ermənistan arasındakı ticarət dövriyyəsinə baxsaq görərik ki, burda da nəzərə çarpacaq və böyük perspektivlər vəd ediləcək bir mənzərə yoxdur. Ermənistanın İranla ticarət dövriyyəsi 500 milyon dollar ətrafındadır. Bu dövriyyənin əsas hissəsi Ermənistandan İrana elektrik enerjisi və İrandan Ermənistana qaz ixracı ilə formalaşır. Digər istiqamətlərdə də nəzərəçarpacaq ticarət dövriyyəsi yoxdur. Belə olan halda Ermənistanın Təbrizdə konsulluğun açılmasına nə ehtiyac var?!".
Parlamentari vurğulayıb ki, məsələnin kökündə siyasi məqsədlər dayanır: "İran Qafanda konsulluq açıb. Ancaq məntiqlə məsələyə yanaşsaq, görərik ki, İrana da Qafanda konsulluq lazım deyil. Bu, sadəcə İranın layihəsidir və Ermənistan da İranın planları ilə hərəkət edir. Abdullahian İrəvanda yenə də Ermənistan sərhədlərinin özləri üçün "qırmızı xətt" olduğunu bildirdi. İranı narahat edən əsas məsələ Zəngəzur dəhlizinin açılmasıdır. İran bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Çünki yol ancaq İranın ərazisindən keçdiyi təqdirdə rəsmi Tehran siyasi və iqtisadi dividendlər əldə edə biləcək. Zəngəzur dəhlizinin açılacağı təqdirdə İran ərazisindən keçən yolun əhəmiyyəti azalacaq".
A.Badamov qeyd edib ki, Abdullahianın İrəvana səfərinin zamanı da diqqətdən kənarda qalmamalıdır: "Paşinyan Sankt-Peterburqa səfər edir və Rusiya ilə münasibətlərini yoluna qoymaq istiqamətində hərəkətlər müşahidə olunur. O cümlədən Qərbin Ermənistanla bağlı səsləndirdiyi fikirlər azalmağa başlayıb. İranın da istəyi Ermənistanın Qərbə doğru getməsi deyil. Tehran İrəvanın Rusiyaya yaxın qalmasında maraqlıdır. Ermənistanda Qərb möhkəmlənərsə, bu, İranın maraqlarına ziddir. Ona görə də Abdullahian dərhal İrəvana gəlir və Təbrizdə konsulluğu tez-bazar açdırmaqla ermənilərin könlünü almağa çalışır. Ermənistana isə bu konsulluq lazım deyil və konsulluğun saxlanılması xərcləri İran tərəfindən qarşılanacaq".
Millət vəkilinin qənaətincə, Təbrizdə Ermənistan konsulluğunun açılması həm də Azərbaycana bir mesajdır: "İran bununla demək istəyir ki, istədiyi yerdə konsulluq aça bilər. Bu, güneydəki azərbaycanlıların istəklərinə qarşıdır. İranın belə addımlarını Azərbaycana qarşı münasibətinin necə olduğunun göstəricisi hesab edirəm. Azərbaycan İranla münasibətlərini normallaşdırmağa çalışır. İran isə öz hərəkətləri ilə münasibətlərin normallaşması prosesinə balta vurur".