Millət vəkili: Dövlət başçısı xalqı təbrik etməklə yanaşı, mühüm mesajlar da verdi

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində yeni müjdələr də verdi. Dövlət başçısı vurğuladı ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar: "Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar". Ölkə başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, cənab Prezidentin xalqa müraciəti, təbriki çox konseptual və əhatəli idi. 

Deputat vurğulayıb ki, dövlət başçısı xalqı təbrik etməklə yanaşı, həm də mühüm mesajlar verdi: 

"Cənab Prezident ölkə iqtisadiyyatı, həm də müdafiə sənayesi ilə bağlı önəmli işlərin görüləcəyini bəyan etdi. Ölkə başçısı Qarabağda baş verən hadisələrdən xüsusi olaraq danışdı. Önəmli məqamlardan biri də işğaldan azad olmuş ərazilərə insanların köçürülməsi ilə bağlıdır. Dövlət başçısı qeyd etdi ki, Kərkicahan, Malıbəyli, Turşsunun bərpa olunaraq əhalinin ora köçürülməsi, həmçinin gələn ildən etibarən Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıtması istiqamətində ciddi işlər gedir. Artıq əksər rayonlarımızda evlər tikilir və insanlar mərhələli köçürülür. Quruculuq-bərpa işləri həyata keçirilir. 2024-cü ilin Azərbaycan üçün mühüm və önəmli olacağı Prezidentin çıxışında xüsusi olaraq vurğulandı. Ölkə rəhbəri öz çıxışında insanları maraqlandıran bir çox məqama aydınlıq gətirdi. 2024-cü il həm Böyük Qayıdış, həm inkişaf, həm də tərəqqi ili olacaq".