Politoloq: Ermənistan və Azərbaycanın sülh müqaviləsi Moskvanın regiona təsirini bitirəcək

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi dəyişiklikləri kökündən dəyişəcək".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, yüz ildən artıqdır Rusiyanın Cənubi Qafqazda yaratdığı siyasi nizam İkinci Qarabağ müharibəsi ilə pozuldu: 

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə Moskvanın regionda təsiri tamamilə bitəcək. Rusiyanın yeni siyasi konfiqurasiya ilə barışması qaçılmazdı. Rusiya Ermənistanın asanlıqla Qərbə inteqrasiya olunmasına və bu ölkədə hərbi bazalarının bağlanmasına seyrçi qalması sual doğurur. Əgər Türkiyə Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlərə mane olardı. 
Sülh müqaviləsinin bağlanmasında və irəliləyiş əldə edilməsində Türkiyə faktoru əsas rol oynayır. 2024-cü il Rusiyanın Ukraynada ağır hərbi məğlubiyyəti və Cənubi Qafqazda tamamilə geosiyasi mövqelərini itirilməsinilə nəticələnə bilər".