Analitik: Birbaşa sülh müqaviləsini bütün detallarla imzalamaq çətin məsələdir

"2023-cü ildə Azərbaycan-Ermənistan arasında gərginliklər yaşandı, anti-terror əməliyyatı keçirildi, erməni silahlı dəstələri, separatçılar Qarabağdan çıxarıldı. Amma ilin sonuna doğru müəyyən razılıqlar oldu, görüşlər keçirildi, əsirlər dəyişdirildi". 
Bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib.
Analitik diqqətə çatdırıb ki, həmçinin ilin son günlərində Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Sankt-Peterburqda ayaqüstü görüş keçirildi: 

"Bunlar müsbət jestlərdir. Əgər nəticə əldə eləmək istəyiriksə, ikili danışmağı bacarmalıyıq. Söhbət Ermənistandan gedir. İrəvan prosesə ABŞ-ni, Fransanı, Rusiyanı qatmamalıdır. Azərbaycanla birbaşa və ikitərəfli danışıqlar aparmalıdır, problemlər iki ölkə arasında müzakirələr yolu ilə həllini tapmalıdır. Aydın məsələdir ki, birbaşa sülh müqaviləsini bütün detallarla imzalamaq çətin məsələdir. Bunun üçün Ermənistan ilk növbədə öz Konstitusiyasını dəyişməlidir, qanunlarında dəyişiklik etməlidir. Çünki qanunvericilikdə Ermənistanın Azərbaycana və Türkiyəyə ərazi iddiaları əksini tapıb. Bunlar birdəfəlik yığışdırılmalıdır. Sonra anklav və eksklav kəndlər məsələsi həllini tapmalıdır. Amma hamı razılaşır ki, birinci mərhələdə sülhün çərçivə sazişi imzalana bilər. Bunu da tərəflər özləri birbaşa aparmalıdır, kənar qüvvələrin təsiri prosesi uzada bilər, yaxud kənar qüvvələr öz maraqları çərçivəsində İrəvanı sülh müqaviləsinə vadar edərlər. Ümid edirik, 2024-cü ildə bu məsələ həll olunacaq. Əsas məsələ Ermənistanın siyasi iradə göstərməsindən, sülhdə səmimi olmasından asılıdır".