Qafar Çaxmaqlı: 2024 sülh danışıqları üçün gərgin il olacaq

"Ermənistanla Azərbaycan arasında qalıcı sülhə nail olmaq üçün iki ölkənin də siyasi iradəsi olmalıdır. Özünün sülh sazişi imzalamağa hazır olduğu görüntüsünü yaradan Ermənistan reallıqda müxtəlif bəhanələrlə çıxış edir". 
Bu sözləri Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a deyib. 
Professor bildirib ki, sülh sazişinə indiki durumda maneçilik törədən ciddi məsələlərin sonraya saxlanması kimi təkliflərə birmənalı münasibət yoxdur: 

"Əgər Azərbaycanın 8 kəndi qaytarılmayıbsa, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməyibsə, komunikasiya xətlərinin açılması ilə bağlı problem həll olunmayıbsa, bağlanacaq sülh müqaviləsinin sadəcə kağız parçasından ibarət olacağını demək olar. Görünən odur ki, Ermənistan sülh müqaviləsini qalıcı edəcək həmin məsələri çözməyə tələsmir. Üstəlik özünün də müəyyən şərtlərini irəli sürür. Bu mənada 2024-cü il də sülh danışıqları üçün gərgin il olacaq. Dünyanın müxtəlif ölkələrində, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Avropa Birliyində, ABŞ-da seçkilər keçiriləcək. Seçkilərin də bölgəmizə təsirini nəzərə alsaq, sülh sazişinin imzalanmasının bir qədər uzanma etimalını irəli sürə bilərik. Amma maraqlı ölkə və qüvvələrin təzyiqi ilə ola bilsin, bir çərçivə sənədi imzalansın. Bu isə qalıcı sülh üçün heç nə verməyəcək".