8 illik soyuq müharibə sona çatır: Türkiyə -Misir əlaqələrində yeni dövr başlayır

Misir prezidentinin Türkiyəyə olan səfəri Ərdoğanın Qahirəyə səfərinə cavabdır

2013-cü ilin yayında İslamçı Müsəlman Qardaşlar təşkilatının nümayəndəsi Prezident Məhəmməd Mursinin devrilməsindən sonra Türkiyə və Misir arasındakı münasibətlər xeyli pisləşdi. 23 noyabr 2013- cü il tarixində isə Misir səlahiyyətliləri Türkiyədəki səfirlərini geri çağırdılar və ayrıca türk səfirini persona non qrata elan etdilər. 

İndi isə Misir prezidenti Əbdülfəttah əs-Sisi sentyabrın 4-də Türkiyəyə səfər edəcək. Xatırladaq ki, Prezident Ərdoğan da 12 il sonra bu ilin fevral ayında Misirə səfər edib.

Son 8 ildə iki dövlət arasındakı münasibətlərin kəskinləşdiyini nəzərə alsaq növbəti görüş baş tutarsa hansı məsələlərin müzakirə ediləcəyi gözlənilir?      

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən türkiyəli siyasi şərhçisi, Maltəpə Universitetinin professoru Hasan Ünal bildirib ki, bu səfər prezident Ərdoğanın son aylarda həyat yoldaşı ilə birlikdə Qahirəyə olan səfərinə cavab səfəridir:

"Səfərlərin əsas məqsədi iki dövlət arasında səkkiz illik soyuq müharibənin sona çatdığını göstərməkdir. Çünki səkkiz il ərzində iki ölkə arasında çox gərgin münasibətlər olub.  Bunun səbəbi isə böyük ölçüdə Türkiyənin yanlış olan Yaxın Şərq siyasətləri idi.  Xüsusilə İhvan təşkilatına birbaşa olmasa da, livancı yanaşma ilə dəstək verən "Müsəlman Qardaşları"nın xarici siyasəti Türkiyənin bütün Yaxın Şərq ölkələri ilə münasibətlərini korladı. Misir də bunların başında idi. 
Misir Yaxın Şərqin və ərəb dünyasının ən mühüm ölkələrindən biridir. Türkiyənin Misirlə belə bir münaqişəyə girməsinin heç bir mənası yox idi. Lakin Türkiyə bunun davamlı olmayacağını başa düşdükdən sonra digər ölkələrlə əlaqələrini yaxşılaşdırmaq çərçivəsində Misirlə münasibətlərini bərpa etdi".  

Bundan sonra görüləcək işlərin iki ölkə arasında ikitərəfli münasibətlərə yönələcəyini qeyd edən H.Ünal Misir prezidentinin ölkəyə səfəri ilə ikitərəfli münasibətlərin daha da güclənəcəyinə diqqət çəkib:

"Son həftələrdə Türkiyənin xarici işlər naziri Hakan Fidan bir çox ikitərəfli əlaqələri, xüsusən də Qəzza məsələsini müzakirə etmək üçün Qahirədə oldu. Orada gördük ki, Misirin xarici işlər naziri həmkarı ilə keçirdiyi mətbuat konfransında Türkiyə ilə ikitərəfli münasibətlərin çox vacib olduğunu izah etdi. O, bir çox layihələrdən danışdı. 
Bütün bu məsələlər türk kapitalistləri üçün vacibdir. Düşünürəm ki, Misirdə olan investisiya imkanlarına da nəzər salınacaq. Türkiyə ilə Misir arasında Liviyaya sülhün gətirilməsi, ticarət və iqtisadiyyatla bağlı bəzi məsələlər, eləcə də Suriya məsələsi müzakirə olunacaq və əlavə bir çox məsələlərdən də danışılacaq. Hərbi əlaqələrin mərhələli şəkildə inkişaf etdirilməsi gündəmə gətiriləcək".

Banuçiçək Kəlbalıyeva