Bölgədə və ətraf regionlarda ciddi proseslər gedir
“Azərbaycan-Türkiyə dövlətlərinin və rəhbərlərinin birgə addımlarının koordinasiyası hər zaman Bakı-Ankara arasında müzakirə predmeti olub”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə həmkarı Hakan Fidanla görüşü zamanı iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və sair aspektlərini müzakirə ediblər. Habelə, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdə olub. Müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məmnunluqla qeyd olunub. İkitərəfli əməkdaşlığımızın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırılıb. Ölkəmizin, xüsusilə ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bununla yanaşı, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi bildirilib. 44 günlük Vətən müharibəsində Türkiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəklə yanaşı, Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində aktiv iştirakın yüksək qiymətləndirildiyi qeyd olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov Azərbaycan-Türkiyə münasibətlərinin bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcəyini söyləyib. Nazir deyib ki, digər sahələrdə olduğu kimi, siyasət və diplomatiya sahəsində də Azərbaycanla Türkiyənin mövqeyi birdir: “Bu, qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləridir. Bu, beynəlxalq münasibətlərdə də belə davam edəcək. Hesab edirik ki, bu əlaqələr bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək”. Ceyhun Bayramov sonda türkiyəli həmkarını Azərbaycana səfərə dəvət edib. Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla vurğulanıb.
Bakı-Ankara arasında intensiv təmasları "Sherg.az”a dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə birgünlük səfəri və həmkarı ilə görüşü çox mühüm idi. Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında müzakirə ediləcək vacib məqamlar çoxdur:
"Son zamanlar bölgədə və ətraf regionlarda ciddi proseslər gedir. Azərbaycan-Türkiyə dövlətlərinin və rəhbərlərinin birgə addımlarının kordinasiyası hər zaman Bakı-Ankara arasında müzakirə predmeti olub. Hazırda müəyyən dövlətlərin də qardaş Türkiyəyə təzyiqləri gündəmdədir. Bəzi məqamlar var ki, onların reallaşmasına imkan vermək olmaz. Azərbaycan və Türkiyə arzuolunmaz çağırışları birlikdə dəf etməyə qadir ölkələrdir. Qərbdəki bəzi dairələr Türkiyə-Ermənistan sərhədlərinin açılması, Zəngəzur dəhlizi ilə bağlı müxtəlif bəyanatlar verirdilər. Azərbaycan, Türkiyə və Ermənistanla bu istiqamətdə danışıqlar aparırdılar. Görünən odur ki, hər üç istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Problemin çözümü Ermənistan konstitusiyasının dəyişməsindən, Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından asılıdır. İrəvan hökuməti bununla bağlı heç bir addım atmayıb. Ermənistanın cənub hissəsində Qərb tərəfindən ciddi şəkildə hücum xarakterli silahlar yerləşdirilib. Həmin silahlardan Azərbaycan Ordusuna qarşı təxribatlarda bir neçə dəfə istifadə olunub. Belə olan təqdirdə sülhün dayanıqlığı məsələsi sual altında qalır".
Analitikin fikrincə, Azərbaycan və Türkiyə dövlət təhlükəsizliklərinin yollarını axtarır:
"Əlbəttə, burada ən böyük çağırış Azərbaycanın üzərinə düşür. Həmin silahlar birbaşa Azərbaycan sərhədlərinə tuşlanıb. İmkan verə bilmərik ki, o silahlardan ölkəmizə qarşı istifadə olunsun. Ermənistan rəhbərliyi də dərk etməlidir ki, arxasında dayanan qüvvələr öz məqsədlərinə çatmayacaqlar. Azərbaycan özünün dövlət və milli maraqlarını sonadək qoruyacaq. Cənubi Qafqazdakı sülh və təhlükəsizliyin möhkəmlənməsi mövzusu Azərbaycan və Türkiyə rəsmiləri arasında mütəmadi müzakirə olunan məsələlərdən biridir. Bununla bağlı rəsmi Bakının qərarı, mövqeyi ortadadır. Hər kəs də bununla hesablaşmalıdır. Ümumən, Azərbaycan və Türkiyə arasında bir neçə istiqamətdə müzakirə predmeti olan mövzular var. İran ətrafında yaşananlar, Qərbin Rusiya qazını əvəzləmək üçün Azərbaycana müraciəti, Yaxın Şərqdə baş verənlər, ən əsası isə Bakı-Ankara arasındakı müştərək layihələr kifayət qədər önəmli məqamlardır".