Zəngəzur dəhlizi: İran hikkələnir, Ermənistan nala-mıxa vurur, Rusiya isə... -ANALİZ

Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir.
“Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və yaxşı məlumdur. Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab versin”,-deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb. Eyni zamanda Zaxarova bildirib ki, müvafiq razılaşma tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlərlə elə bir şəkildə əldə olunacaq və həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin, müvafiq olaraq Rusiya, İran və Türkiyənin maraqlarına cavab versin. 
İranın Ali lideri Xamnei isə dəfələrlə Zəngəzur dəhlizini özlərinin “qırmızı xətti” adlandırıb. O,  hər zaman Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün zərərli olduğunu bildirir və İranın buna razı olmadığı kimi fikirlər səsləndirir. Görünür ki, İranın Zəngəzur dəhlizi ilə bağlı hikkəsi davam etməkdədir. 


Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələri “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov söyləyib ki, bu məsələ ilə bağlı Ermənistan bilərəkdən mürəkkəb situasiya formalaşdırır:

“Ermənistana lazım olan 2020-ci il 10 noyabr sazişinin müddəalarının, xüsusilə də Zəngəzur dəhlizinə aid məqamın asılı vəziyyətdə qalmasıdır. Bu yaxınlarda Azərbaycan Respublikasının qərarına əsasən həmin bəndi rəsmi Bakı gündəlikdən çıxartdı. Amma sözügedən məsələ o qədər aktual və vacibdir ki, istər-istəməz diqqəti öz üzərinə çəkir. Eyni zamanda qarşıdan gələn dövrün çağırışları ilə səslənir. Çünki kommunikasiyalar insanların mənfəətinə, alış-veriş etməsinə və vəziyyətin tarazlaşmasına xidmət edir. Yeganə ölkə Ermənistandır ki, sözügedən məsələlərin hamısında özünü çox qəribə tərzdə aparır və meydanı əvvəldən tərk etməklə kifayətlənir. Rusiya isə daima  üçtərəfli bəyanatın altına imza aldıqlarını Ermənistanın yadına salır. Yəni bundan qaçmaqla məsələnin həllinə nail olmaq mümkünsüzdür. Ona görə də Ermənistan özünü daha məsuliyyətli və ciddi aparmalıdır".

Analitik Zəngəzur dəhlizi ilə bağlı İranın hikkəli mövqeyinə də aydınlıq gətirib:
“İranın narahatlığı isə Ermənistanla quru sərhədinin itirilmə ehtimalına yönəlik idi. Ermənistan Zəngəzur dəhlizinin açılması təqdirində İranla quru sərhədini itirəcəyini düşünürdü. Amma sözügedən məsələ tamamilə yanlış fikirdir. Bölgədəki kommunikasiya xətlərinin şaxələnməsi elə tərzdə yer alır ki, İran özünəməxsus şəkildə oyundan kənar düşür. Amma İranın özünün çox böyük imkanları mövcuddur. Rəsmi Tehranın isə belə narahatlığı əbəsdir. Hətta Ermənistan Zəngəzur dəhlizi ilə bağlı əcaib mövqe tutmağa başlayanda Azərbaycan İranla sazişə getdi”.


 Ekspert qeyd edib ki, geosiyasi zəmində Zəngəzur dəhlizi ilə bağlı bəzi etirazlar özünü büruzə verir:
“Ermənistan isə bundan bəhrələnməyə çalışır. Çünki Ermənistanın sözügedən məsələlərin heç birinə aydın baxışı yoxdur. Dəfələrlə Ermənistanın suveren qərar vermək iqtidarında olmadığını görmüşük. Amerika, Fransa, Hindistan, Yunanıstan və İran həmişə Ermənistanın adından danışırlar. Ermənistan hansısa məsələnin Azərbaycan, Türkiyə və Rusiyaya xeyir verdiyini bilən kimi geri çəkilir. Şərqdə belə bir deyim mövcuddur: "İt maşının kölgəsində uzanır, eləbilir öz kölgəsidir". Hazırda Ermənistanın vəziyyəti bundan ibarətdir. Regionda yeganə mövcudluğunu təsdiqləyə bilməyən ölkə Ermənistandır. Ermənistan hamıya zərər yetirmək üçün ən mürəkkəb yolu seçir. Ancaq elə ən böyük pislik də özünə qayıdacaq".