Siyasətlə mədəniyyəti səhv salan Fransa: Natəvanın heykəli niyə sökülür?

Son günlər sosial şəbəkələrdə Fransanın Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır. Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb. Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Fransanın “Le Messager” nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur. Qəribədir ki, məsələ ilə bağlı hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESKO reaksiya verib. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-lö Bən şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. 2017-ci ildə burada “Azərbaycan Parkı” açılıb. 2015-ci ildə imzalanan xartiyaya əsasən İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi də yerləşdirilib.

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Fransada Natəvanın heykəlinin sökülməsi iki ölkə arasında siyasi gərginliyi üst səviyyəyə daşıyacaq. 
Ekspert vurğulayıb ki, siyasi münasibətlərdəki gərginliyin Natəvanın heykəlinə dəxli yoxdur: 

"Fransada Natəvanın heykəlinin bağdan götürülməsinə etiraz edən cəmi bir neçə nəfər var. Bəs Parisdə illər boyu Azərbaycanın mədəniyyət tədbirlərinə qatılanlardan, musiqimizi alqışlarla qarşılayanlardan, muğamımızı yüksək qiymətləndirənlərdən niyə səs çıxmır? Onlar hardadır, niyə Fransanın Cənubi Qafqaz siyasətinin korrektə edilməsi barədə prezident Emmanuel Makrona etiraz məktubu yazmırlar? Etiraz etmirlərsə, demək Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyinin bərpası məsələsində onlar da Makron kimi düşünürlər. Fransadakı erməni lobbisi bəhanədir, Natəvanın heykəlinin götürülməsi fransalıların öz təşəbbüsüdür. Münasibətlər nə zamansa normallaşsa belə heykəlin yerinə qaytarılacağı şübhə doğurur".