Bidzina İvanişvili yenidən fəal rejimə keçirilir - TƏHLİL

"İvanişvilinin  siyasətə qayıtması sübut edir ki, rəsmi Tbilisi Rusiyanın maraqlarını onların istədiyi səviyyədə qorumur"

Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb. "Gürcü Arzusu"nun təsisçisi Bidzina İvanişvili hakim partiyanın Siyasi Şurasının yeni sədri seçilib. Partiya məlumatı təsdiqləyib. “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə bildirib ki, Bidzina İvanişvili partiyanın fəxri sədri olacaq. Bidzina İvanişvili partiyanın qurultayında çıxışı zamanı siyasətə öz təşəbbüsü ilə qayıtdığını bildirib: "Düz üç il əvvəl mən aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə ictimaiyyətə məlumat vermişdim. İndi, üç ildən sonra, öz təşəbbüsümlə, partiyanın fəxri sədri kimi, siyasi həyata qayıdıram". 


Politoloq Həsrət Rüstəmov "Sherg.az"a açıqlamasında deyib ki, İvanişvili Rusiya prezidenti Vladimir Putinin kadrıdır

Ekspert diqqətə çatdırıb ki, Bidzina İvanişvili Gürcüstana bu ölkəni ciddi şəkildə daxil olduğu avroatlantik məkana inteqrasiya prosesindən ayırmaq, yenidən Moskva orbitinə qaytarmaq üçün hakimiyyətə gətirilmişdi: 

"İvanişvilinin yenidən siyasətə qayıtması sübut edir ki, rəsmi Tbilisi Rusiyanın maraqlarını onların istədiyi səviyyədə qorumur. Ona görə də Rusiyanın bütün tapşırıqlarını sözsüz yerinə yetirmək üçün Bidzina İvanişvili yenidən fəal rejimə keçirilir. Bu isə  Gürcüstan,  bütövlükdə bizim bölgə üçün yaxşı heç nə vəd etmir. Rusiyanın imperiya maraqlarından əl çəkməyəcəyi təqdirdə postsovet ölkələrinə dinclik yoxdur və olmayacaq. Çox təəssüf ki, nə rus xalqı özü şər imperiyasından qurtula bilir, nə də əsarətdə olan xalqlar hələ ki, boyunduruqdan tam xilas ola bilirlər. Postsovet ölkələrində müstəqillik bu baxımdan şərti xarakter daşıyır".