Dövlət Komitəsi: ABŞ-nin yaydığı hesabatda erməni diasporunun izləri görünür

"Dünyamız nizamsızlığa doğru sürətlə irəliləyir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda konfransdan öncə jurnalistlərə açıqlaması zamanı deyib.

"Nəticədə, dinlər siyasi və imperialist maraqlar üçün alətə çevrilir. Bunun da acı nəticəsini Yaxın Şərqdə görürük. Bu mənada, beynəlxalq təşkilatlar öz məsuliyyətlərini dərk etməlidirlər. Bu gün, çox təəssüf ki, inanclıların istismarı prosesi gedir", - sədr müavini deyib.

Səyavuş Heydərov Azərbaycanda dini mühitin sabit və şəffaf olduğunu bildirib: "Dini həmrəylik ölkəmizin tarixində ən yüksək həddədir. Biz bu birliyi Vətən müharibəsi dövründə də gördük. Dövlət tərəfindən icmalara hər cür dəstək göstərilir. ABŞ-nin verdiyi hesabat yanlış və qərəzlidir. Mənşəyi məlum deyil. Hətta buna mən küçədən yığılmış məlumat deyərdim".

Dövlət Komitəsinin nümayəndəsi hesabat yayan şəxslərlə dəfələrlə görüş keçirdiklərini əlavə edib: "Onlar bizə daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini deyiblər. Amma hesabatda görürük ki, bu belə deyilmiş, burada erməni diasporunun izləri görünür. Yəni o hesabatı hazırlayanlar diasporun əsirinə çevriliblər".