Avropa İttifaqı: Siyasətbazların həyasızlığı artır -Analitik Təhlil

Qərb strukturları hələ də Ermənistanın himayədarları rolundan imtina edə bilmirlər


Demək olar ki, hər məsələyə ikili standartlarla yanaşan, ölkəmizə yönəlik əksər qərar və addımında açıq qərəz nümayiş etdirən Avropa İtiifaqı (Aİ) bu dəfə də ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyib. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano ölkəmizə qarşı həddsiz bəyanatla çıxış edib. O iddia edib ki, "Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı şəkildə pozulmasının qəbuledilməz olduğu və münasibətlər üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir". Bununla yanaşı, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da ölkəmiz əleyhinə şər-böhtan kampaniyasına qoşulub. Mixalko iddia edib ki, Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında "qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər" onu dəhşətə salıb. Hər iki absurd açıqlamalardan da aydın görünür ki, Qərb strukturları hələ də Ermənistanın himayədarları rolundan imtina edə bilmirlər. Çünki Cənubi Qafqazda güclü Azərbaycanın olması onların bu bölgədəki siyasi maraqlarına mane olur. Siyasətbazların həyasızlığı o həddə çatıb ki, Qarabağda dağıdılan, məhv edilən Azərbaycan abidələrindən qətiyyən danışmırlar. Eyni zamanda, onların gözünü örtən qərəzin nəticəsidir ki, ötən otuz il ərzində işğalçı Ermənistanın ölkəmizin 20 faiz ərazisini zəbt etməsini, qədim və zəngin şəhər və kəndlərimizin darmadağın edilməsini, bir milyona yaxın insanın həm Ermənistandan, həm də Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınmasını, soydaşlarımızın soyqırıma məruz qalmalarını görmək istəmirlər. Rəsmi Bakı Aİ rəsmilərinin sərsəm bəyanlarını və əsassız ittihamlarını cavabsız qoymayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verən XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”. Aİ-nin Xarici əlaqələr və  deyib ki, Avropa İttifaqı Ermənistanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz hesab edir və bunun Aİ-Azəraycan münasibətləri üçün mənfi nəticələnəcəyini bəyan edir. Aİ hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını desə də, çox təəssüf ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal altında olarkən belə sərt bəyanatlarla çıxış etməyib. 1 milyonadək Azərbaycan insanı öz torpaqlarından məcburi köçkün və qaçqın halına salınarkən qətiyyən “narahatlıq” keçirtməyib. İndi də hansısa mifik ərazi bütövlüyünün pozulmasından danışırlar. Nəzərə çatdıraq ki, Ermənistan konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalır. Aİ də bunu gözəl bilir, ancaq susur. İşğal başa çatsa da, Ermənistanın mina terroru səbəbindən azərbaycanlılar öz torpaqlarına geri qayıda bilmirlər. Qarabağ dünyanın mina ilə ən çox çirklənmiş ərazisidir. Ermənistan bizə mina xəritəsini vermədi. Aİ, Avropa Parlamenti, Qərbin insan haqlarından danışan təşkilatları isə bu faktların qarşısında ağızlarına su aldılar. Dağıntılar, işğal, deportasiya və soyqırımı görməyib “mifik” təhdidlərə görə Azərbaycana “xəbərdarlıq” edirlər. Heç, şübhəsiz, bu, ikili standartlar siyasətidir və illərdir ki, davam edir. Əlbəttə, Aİ-nin insan hüquqlarından bəhs edərkən arada Azərbaycan insanının ən təbii yaşama haqqına da xitab etməsini, Ermənistanın Azərbaycana qarşı 30 ildir davamlı şəkildə həyata keçirdiyi və hazırda da davam edən mina terroruna etiraz etməsini gözləyirik. Lakin Qərbin xarici siyasətinin necə deqradasiyaya uğradığını görürük. Bütün bu siyasi mətnlər və bəyanatların arxasında təbii ki, siyasi səbəblər dayanır. Lakin istənilən halda Aİ davamlı qərəzli yanaşması, ədalətsiz mövqeyi və ermənipərəstliyi ilə olan-qalan nüfuzunu da itirməkdədir.