Putin zəiflik göstərsə, onun üçün sonun başlanğıcı olacaq -ŞƏRH

Çoxları Putini dəli hesab etmək istəyir, lakin o, dəli deyil, nə etdiyini mükəmməl başa düşür. Onun dəli olduğu və bütün dünyanı əsarət altına almaq istəməsi fikri əsassız fərziyyədir.
Bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.
“Putin hakimiyyəti saxlamaq üçün mübarizə aparır. Ölkə daxilində hakimiyyəti saxlamaq üçün çiçəklənən bir millət yarada bilməz, çünki bunun əksinə edir. Ona görə də ona qısa və qalibiyyətli müharibələr lazımdır. O, Ukraynaya qarşı müharibənin qısa və qalibiyyətli olacağına inanırdı. Amma yanlış hesabladı”, - Kasyanov bildirib.
Keçmiş baş nazirin sözlərinə görə, Putin heç vaxt Ukrayna müharibəsində kompromisə gedə bilməz:
“İndi onun böyük problemləri var. Təbiətinə və xarakterinə görə kompromisə gedə bilməz, çünki Putin siyasətçi deyil, inzibatçıdır və konsensus qərarlarında heç vaxt iştirak etməyib, ona görə də hər hansı kompromislər onun üçün geri çəkilməkdir”.

Mixail Kasyanovun sözlərini "Sherg.az" üçün dəyərləndirən tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov bildirib ki, Mixail Kasyanov Vladimir Putinə ən yaxın nazirlərdən biridir:
 " O, hətta  bir dönəm Putinin rəhbərliyi altında baş nazirlik də edib. Yəni istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan Putinin planları ilə yaxından tanış olan biridir. Bu səbəbdən onun dediklərində həqiqət var". 

F.Abbasov Putinin ən başlıca fikrinin hakimiyyəti saxlamaq və ətrafındakı insanları cavabdehlikdən qorumaq olduğunu söyləyib:
"Bunun üçündə müxtəlif vasitələrlə Ukraynada hərbi əməliyyatlara davam etmək dəsti xəttini tutur. 1999- cu ildə Putin hakimiyyətə gəlməmişdən əvvəl Rusiyada "İkinci Çeçen" müharibəsi başlamışdı və müharibə dövründə o olduqca radikal çıxışlar edirdi. Həmən dönəmdə əvvəlcə Federal Təhlükəsizlik xidmətinin rəhbəri, daha sonra Rusiya baş naziri və Rusiya prezidentinin səlahiyyətlərini icra edən şəxs olaraq Çeçen müharibəsini qazanan qəhrəman olaraq ölkəyə tanıdılaraq Prezident seçildi. Putin 25 il əvvəl olduğu kimi yenədə bir düşmən obrazı yaradıb ona qalib gələrək özünü qəhrəman elan etməklə tarixə qovuşmaq istəyir. Əgər o geri addım ataraq razılaşmaya getsə və zəiflik göstərsə bu Putinin sonunun başlanğıcı olacaq. Onun üçün Putinin kompramisə gedəcəyi və ya geri addım atması mümkün deyil".