Səfir: “Çin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır”

Çin Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində və genişləndirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Qo Minin “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” adlı tədbirin açılışı zamanı deyib.
"Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında güclü əməkdaşlığın əsasını qoyublar. Ölkəmiz bundan sonra da Azərbaycanla əməkdaşlığa və əlaqələri möhkəmləndirməyə hazırdır", - o vurğulayıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə vurğulayıb ki, iki ölkə arasında münasibətlər təkcə iqtisadi baxımdan deyil, həm də yeni geosiyasi reallıqların nəzərə alınması baxımından vacibdir: "Milli Məclisdəki Azərbaycan-Çin parlamentlərarası dostluq qrupu ən böyük qrupdur. Çindən Azərbaycana tez-tez nümayəndə heyətləri gəlir. Bu, əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açır".