Paşinyan Rusiya ilə bağlarını tamamilə qoparacaq - ŞƏRH

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Rusiya sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanında (İrəvan) yerləşməsindən narahatdırlar.
 Bu barədə partiyanın parlamentdəki fraksiyasının sədrinin müavini Artur Ovannisyan bildirib.Onun sözlərinə görə, bu məsələ təkcə onları yox, Ermənistan ictimaiyyətinin əksəriyyətini də narahat edir:
“Bu məsələ bizim siyasi komandamızın gündəmindədir. Hazırda müzakirələr aparılır. Qərar olanda hamımız bundan xəbərdar olacağıq”.
Politoloqlar isə hesab edir ki, proses Ukrayna ssenarisinin təkrarlanmasına və Cənubi Qafqazda genişmiqyaslı müharibəyə apara bilər.
Mövzunu "Sherg.az"a şərh edən politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistanla Rusiya arasındakı ikitərəfli münasibətlər böhrana uğrayıb:

"Son günlər isə əsas müzakirə predmeti olan bu məsələ, yəni
Rusiya sərhədçilərinin “Zvartnots” beynəlxalq hava limanından çıxarılması münasibətləri daha da gərginləşdirir. Şübhəsiz ki, Ermənistan bu addımı qərbin təlimatı ilə atmağa hazırlaşır və düşünürəm ki baş nazir Nikol Paşinyan anti Rusiya siyasətini sona qədər davam etdirəcək. Erməni cəmiyyətinin də bu məsələdə siyasi hakimiyyətə dəstək verməsi onu göstərir ki, Paşinyan yeni Konstitutsiya Aktını qəbul etdikdən sonra Rusiya ilə bağlarını tamamilə qoparacaq. Rusiyanın Ermənistan ərazisindəki hərbi bazasının və sərhədçilərinin çıxarılmasına da nail olacaq. Bütün bunlar fonunda Rusiyanın Ermənistana qarşı iqtisadi və siyasi təzyiqləri də qaçılmaz olacaq. Rusiyanın əli ilə Ermənistanda hansısa narazılıq və silahlı insidentlərin də baş verməsi istisna hal deyil. İstənilən halda Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq həm Ermənistan, həm də qərb üçün çətin və kifayət qədər ağrılı proses olacaq".