Qərbin tövsiyələrinə ehtiyac duymuruq -ŞƏRH

Azərbaycan öz ərazisində dövlət və milli maraqlarını qoruyacaq
 
“Avroparlament başa düşməlidir ki, onun rəyinin heç bir hüquqi əsası yoxdur və üzvü olmadığı dövlətin daxili işlərinə qarışmaq onun imicinə ucalıq gətirməyəcək”
 
 
 
 Avropa Parlamentində “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı martın 13-də növbəti qərəzli qətnamə qəbul edildi. Qətnamə qərəzli olmaqla yanaşı, ölkəmizə qarşı növbəti ikili standartların bariz nümunəsidir. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Avropa Parlamenti Azərbaycana qarşı platformaya çevrilib. O deyib ki, hazırda beynəlxalq təşkilatların öhdəliklərini yerinə yetirməməsinin şahidi oluruq: “Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Avropa Parlamentinin Azərbaycana qarşı islamofobiya platformasına çevrildiyini görürük”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya, Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir: "Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir". A.Hacızadə vurğulayıb ki, Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər: "Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir". Qərbi Azərbaycan İcması da Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayıb. Qeyd edilib ki, Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərbaycana böhtan atmışlar. Əslində, müəyyən dairələrin əlində alət olan korrupsioner, irqçi ünsürlər yığıntısı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ədalətin zəfər çalmasından qəzəbini gizlədə bilmir: “Son dövrlər Ermənistan və Azərbaycan arasında müşahidə olunan nisbi sabitlik, iki dövlət arasında baş vermiş yüksəksəviyyəli təmaslar və Almaniyanın federal kanslerinin səyləri fonunda Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi təxribatçı addımdır və regional dinamika baxımından tamamilə yanlış siqnal verir. Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Ermənistandan və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, orada azərbaycanlıların mədəni irsinin, mindən çox azərbaycanlı yaşayış məntəqəsinin dağıdılmasına, minlərlə mülki azərbaycanlının qətliamına indiyədək niyə susduğuna dair izahat verməlidir. Ermənistan tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalıdır. Ermənistan həmin qüvvələrlə və bu kimi “sənədlərlə” özü arasında məsafə qoymalı, qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına şərait yaratmaqla Azərbaycanla sülh əldə etməyə çalışmalıdır”.

 Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycanı bir sıra məsələlərdə günahlandırması ciddi təəssüf doğurur: 
"Bəs Avroparlament 30 il ərzində Ermənistanı niyə işğalçı adlandırmırdı? Ermənistan ordusu sərhədyanı ərazilərdə azərbaycanlı uşaqları öldürəndə niyə İrəvanda oturan baş komandanın adını çəkmirdi? Niyə bircə dəfə də olsun UNESCO-nu Qarabağa getməyə səsləmirdi? Niyə 1 milyondan artıq qaçqın və məcburi köçkünün çadırlarda yaşayan həyatları haqqında maraqlanmırdı? Siyahını uzatmaq olar”. Politoloq hesab edir ki, bütün bunlara görə, bu strukturun son 3 ildə bölgədəki proseslərlə bağlı açıqlamaları Azərbaycanda ciddi qarşılanmır: “Azərbaycan öz ərazisində dövlət və milli maraqlarını qoruyacaq və xaotik Qərbin tövsiyələrinə ehtiyac duymur. Avroparlament başa düşməlidir ki, onun rəyinin heç bir hüquqi əsası yoxdur və üzvü olmadığı dövlətin daxili işlərinə qarışmaq onun imicinə ucalıq gətirməyəcək. İkincisi, əgər Fransa və okeanın o tayındakı bəzi mərkəzlər fürsətdən istifadə edərək geosiyasi rəqiblərinə qarşı mübarizədə Cənubi Qafqazı "sizinkilərə və bizimkilərə" bölmək istəyirsə, Azərbaycana qarşı müntəzəm edilən qarayaxmalarla öz məqsədlərinə çata bilməyəcəklər. Ermənistanın beynəlxalq platformalarda manevr imkanlarının dairəsi rəsmi Bakının addımlarının nədən ibarət olacağı ilə hüdudlaşır. Avroparlamentin timsalında son atılan addımlar, səsləndirilən bəyanatlar isə nə Qərbin, nə də Paşinyan hakimiyyətinin məqsədlərinə çatmaları ilə nəticələnəcək. Əksinə, bu cür davranış konstitusiyasında və hüquqi-normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiası olan Ermənistanın hansı ərazilər çərçivəsində mövcud olacağı məsələsini aktuallaşdırır”.