Moskva Bakının artan nüfuzunu həzm edib -ŞƏRH

Azərbaycan lideri MDB məkanında dövlət və milli maraqları qoruyan yeganə liderdir


  Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşan Azərbaycan dövləti müxtəlif beynəlxalq aktorlar arasında daim orta xətti qoruyub. Azərbaycanın Qərb, Rusiya və İranla münasibətlərində bizim milli maraqlarımızın nəzərə alınması daim ən ali məqsəd olub. Ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib.  Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə  baş tutan  Moskva səfəri də məhz  Azərbaycanın xarici siyasətinin çox istiqamətli olması, qonşu dövlətlərlə münasibətlərdə etibarlılıq, qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən münasibətlər qurmasının təzahürüdür. 
Ölkə başçısının Rusiyaya  işgüzar səfərinin  rus sülhməramlılarının vaxtından əvvəl dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hazırda qarşılıqlı anlayış şəraitində olmasının bariz nümunəsidir. Hazırkı qlobal geosiyasi təlatümlər fonunda iki ölkə arasında əlaqələrin sabit məcrada inkişaf etməsi hər iki tərəf üçün faydalıdır.
  Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir daha nümayiş etdirdi ki, iki ölkə arasında münasibətlər mehriban qonşuluq-dostluq, müttəfiqlik, qarşılıqlı fəaliyyət prinsiplərinə uyğun olaraq inkişaf etməkdədir.
  
Azərbaycan Prezidentinin Moskva səfərini şərh edən Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov “Sherg.az”a açıqlamasında  deyib ki, Azərbaycan lideri MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq, Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyan, dövlət və milli maraqları tam olaraq həyata keçirməyi bacaran yeganə lider oldu:
"Təbii ki, yaranmış mövcud reallıqlar bizə qonşu olan dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemini tələb edirdi ki, Moskvanın Bakıya yanaşmasında bunu son zamanlar xüsusilə görməkdəyik. 19-20 sentyabr 2023 hadisələri, BMT TŞ-də 2022 və 2023-də baş verənlər aysberqin görünən hissələri idi.  Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Ermənistanda baş verənlər regionla bağlı yuxarıda qeyd edildiyi kimi Rusiya hökumətinin  baxış bucağında korrektələrlə müşahidə olunurdu. Burada, xüsusilə onun üzərində dayanmaq lazımdır ki, şimal qonşumuzun xarici siyasət davranışı birbaşa olaraq, həm də Ukrayna,  əslində isə ABŞ və bəzi Qərb dairələri ilə ziddiyyətlərin həlli nəticəsindən və liderlik kürsüsündə kimin olmasından asılıdır. İndiki vəziyyətdə son 4 il ərzində Qafqazda cərəyan edən hadisələr hər kəsə məlumdur. 
4 kəndin qaytarılması, delimitasiya-demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi Azərbaycan və Ermənistan arasındakı mövzular, sözsüz ki, Moskvanın diqqəti mərkəzindədir”.  

  Politoloqun sözlərinə görə, bu səfərin ən yadda qalacaq məqamı liderlərin  Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı məsələsidir.  Bu, Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsidir: 
“Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini “Əsrin layihəsi” adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədi daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı. 1974-cü ildə Sovet İKP MK və SSRİ Nazirlər Soveti “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul etdi və bu nəhəng layihənin icrasına başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi, Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu Öndər sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.
Bu və digər şəkildə Moskva səfərində baş verənlər  iki tərəf arasında əməkdaşlıqda pozitiv nəticələrin olmasından xəbər verir, eyni zamanda qarşıdakı aylar ərzində - münasibətlərdə bu müsbət trendin davam edəcəyinə əminliyini ehtiva edir”.