Zəngəzur yolu Hindistanın dəhliz planlarına ziddir -TƏHLİL

Fransa və Yunanıstan isə Cənubi Qafqazda həmişə Azərbaycan və Türkiyənin əleyhinə siyasət yürüdüb


  “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”. Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.
Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.
  Fransanın Ermənistanın maraqlarını açıq şəkildə müdafiə etdiyi sirr deyil. Fransa Ermənistanı bölgədə özünün plasdarmı kimi görür.
Bu, Azərbaycan torpaqları işğalda olduğu müddətdə də belə idi, 44 günlük müharibədə də, ondan sonra da. Müharibədən sonra aparılan sülh danışıqlarında Fransa prezidenti nəinki ermənipərəst kimi çıxış edir, hətta bir çox hallarda Ermənistanın Baş naziri Nikol  Paşinyanın demədiklərini də səsləndirir, onun etmədiklərini edirdi. Bunun nəticəsi olaraq, Azərbaycan Fransanın vasitəçiliyindən imtina etdi. Lakin Qarabağda istədiyinə nail ola bilməyən Makron Cənubi Qafqazı eskalasiya ocağına çevirmək istəyindən əl çəkmədi. Əlinə düşən hər fürsətdən istifadə edən Fransa hələ də  Ermənistanı “müdafiə olunmaq” məqsədilə silahlandırır və Azərbaycana qarşı hücuma hazırlaşdırır.
Bəs, Azərbaycanla ikitərəfli əlaqələri olan Hindistan və Yunanıstan İrəvanı niyə silahlandırır?

  Bu barədə “Sherg.az”a açıqlama verən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Hindistan və Yunanıstan kimi ölkələrin Ermənistana silah  göndərməsi geosiyasi maraqlar kontekstində baş verir: 

“Hindistanın bu davranışı təkcə Ermənistana dostluq deyil, Azərbaycan və qardaş Türkiyəyə olan düşmənçilik  siyasətindən qaynaqlanır.  Azərbaycanın Türkiyə və Pakistanla uzunmüddətli dostluq, qardaşlıq münasibətləri var. Kəşmir məsələsində Türkiyə və Azərbaycan Pakistanın ədalətli mövqeyini müdafiə edirlər. Bu baxımdan Pakistan da buna adekvat addımlar atır.
Hindistan da Ermənistanla hərbi əməkdaşlıq edərək dolayısı ilə Azərbaycan və Türkiyəyə göstərmiş olur ki, sizin Pakistanla münasibətlərinizi biz də adekvat cavablandıra bilərik”.
Politoloq onu da deyib ki, Hindistanla Ermənistanın yaxınlaşması həm də Zəngəzur dəhlizinə görədir: “Zəngəzur yolu Hindistanın dəhliz planlarına zidddir. Zəngəzur yolu ilə Hindistan dəhlizdən kənar qalır. Bu baxımdan Hindistan xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahla təchiz etmək üçün başladı ki, Zəngəzurun qarşısını alsınlar. Sırf bu maraq dayanır. Yoxsa ki Hindistanın heç vaxt Cənubi Qafqazla bağlı  böyük bir marağı olmayıb. 
  Fransanın isə anti-Azərbaycan, antitürk siyasəti, Ermənistanı açıq-aşkar dəstəkləməsi yeni hal deyil. Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqdan sonra Fransanın bu siyasəti daha açıq şəkildə “türkəfobiya”, “Azərbaycanafobiya” şəklində təzahür etməyə başladı. Bu, Fransanın aqressiv geopolitik maraqlarından irəli gəlir. Fransa özünü Avropa İttifaqının əsas aparıcı ölkəsi kimi təqdim etməyə çalışır. Ona görə, Fransa dünyanın müxtəlif regionlarına müdaxilələr, təzyiqlər etmək kimi destruktiv bir funksiyanı da öz üzərinə götürüb. Fransa düşünür ki, Cənubi Qafqazda Azərbaycana və Türkiyəyə düşmən mövqe tutan Ermənistanı manipulyasiya edərək bu siyasətini yürütsün. Buna baxmayaraq, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri separatizmin kökünün kəsilməsinə, Fransanın planlarının puç olmasına gətirib çıxardı. Fransanın bütün digər regionlarda Fransanın rıçaqları, təzyiq metodları alt-üst edilib.
Ona görə də  erməni revanşizmini yenidən canlandırmağa çalışaraq bölgədə özünə yer eləməyə çalışır. Lakin onun istəkləri baş tutmayacaq. Zəngəzur dəhlizinin açılması ilə Fransa Cənubi Qafqazda birdəfəlik məğlubiyyətə düçar olduğunu anlayacaq”. 
  Yunanıstana gəldikdə isə  Q.Hüseynli hesab edir ki, Yunanıstanla Ermənistanın  yaxınlaşması antitürk siyasətindən, yəni  Kipr məsələsindən qaynaqlanır. Türkiyə-Azərbaycan əlaqələri, Ermənistanın blokadada qalmağı Yunanıstanla Ermənistanı həmişə yaxınlaşdırıb. Amma Yunanıstanla Ermənistan arasındakı müqavilələr elə də böyük əhəmiyyət kəsb etmir. Yəni regiona heç bir dəyişiklik gətirməyəcək.
Azərbaycan isə  Yunanıstana neft, qaz satır. Əgər onların erməniləri silahlandırması təhlükə xarakteri alsa, bu əlaqələri dayandırmaq lazımdır”.