ABŞ-Azərbaycan münasibətləri: Kennedinin açıqlaması əlaqələri gərginləşdirir -RƏY

ABŞ-da prezidentliyə namizəd Robert Kennedi qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxışda Azərbaycana qarşı saxta ittihamlar və böhtanlar yağdırıb. Hökuməti Azərbaycana qarşı sanksiya tətbiqinə çağıran Kennedi həmçinin Qarabağı “artsax” adlandırıb və dövlətimizi “etnik təmizləmə”də günahlandırıb:

“Artsax”da “etnik təmizləmə”dən sonra Azərbaycan rejimi Ermənistanı növbəti ərazi güzəştlərinə məcbur etmək üçün oranın mülki siyasi “rəhbərliyi”ni, keçmiş “prezidentləri, nazirləri və parlament üzvlər”i, eləcə də onlarla başqa insanı girov saxlayır. Rejim Ermənistanın ərazi sərhədləri daxilində bir neçə şəhər və kəndi təhvil verməyəcəyi təqdirdə oranı işğal etməklə hədələyir. Bu gün Azərbaycan buldozerləri “artsax”da erməni irsinin qalıqlarını məhv edir. 1915-ci il “erməni soyqırım”ı beynəlxalq səviyyədə qınanmasa, yaxın həftələrdə və aylarda yenidən baş verəcək”.

Sözügedən açıqlamaya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a deyib ki, bu çıxış ABŞ və Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək:

"ABŞ-də Azərbaycan və Türkiyəyə qarşı ittiham səsləndirənlərin bir çoxu erməni lobbisinin maliyyəsi əsasında fəaliyyət göstərən şəxslərdir. ABŞ-dən başqa Avropa Birliyində də erməni lobbisinin təsiri hiss olunur. Biz ABŞ-nin Azərbaycana qarşı qərəzli münasibətinin Co Bayden höküməti zamanında şiddətləndiyinin şahidi olduq. Bayden höküməti zamanında azərbaycanlı bəzi məmurlara sanksiya tətbiq etməyə belə çalışıldı. ABŞ və Azərbaycanın iqtisadi-siyasi əlaqələri, əməkdaşlığı iki ölkə üçün də vacibdir. Düşünürəm ki, Kennedinin bu açıqlaması ABŞ-Azərbaycan münasibətlərinə qismən mənfi təsir etsə də, hər iki ölkə aralarındakı iqtisadi-siyasi əlaqələrin vacibliyininin fərqindədir".