Doğru yol, doğru hədəf: Şuşa Bəyannaməsi təhlükəsizliyimiz üçün əsas qarantdır

Yeni bir siyasi nizam quruldu. Türkiyə-Azərbaycan tandemi Cənubi Qafqazda kənar təsirləri neytrallaşdırmaqla Azərbaycana qarşı olan  xarici təzyiqlərin də aradan qalxmasına zəmin yaratdı


  Şuşa Bəyannaməsinin imzalanmasından üç il ötür. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə liderləri – cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan arasında müttəfiqlik məsələlərinə dair Birgə Bəyannaməsinin imzalanması böyük Qələbə ilə başa çatan 44 günlük ikinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlar fonunda nəinki ölkə tarixində, hətta bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisələrdən biridir. Bu sənədin bütün mənalarda müstəsna əhəmiyyətini müəyyənləşdirən bir sıra mühüm amillər mövcuddur.
  Dünyada baş verən hadisələr illər ötdükcə bu sənədin əhəmiyyətinin daha da artacağını deməyə əsas verir. Bu, adi regional anlaşma deyil. Şuşa bəyannaməsi regionda və dünyada əməkdaşlığın, birgə yaşayışın, xoşməramlığın, sülhün, ərazi bütövlüyü və suverenliyin, iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin, təhlükəsizliyin və s. vacibliyini bir daha sübut etməklə yanaşı, onun qlobal əhəmiyyətini də göstərdi.
Bəyannamənin məhz  Şuşa  şəhərində imzalanması böyük tarixi, siyasi məna yükünə malikdir və Qarabağ torpaqlarının məhz  Azərbaycanın əzəli tarixi  ərazisi olduğunun birmənalı təsdiqi və eyni zamanda ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir. İşğaldan azad olunan Şuşa şəhərinə  rəsmi səviyyədə səfər edən ilk xarici dövlət rəhbərinin  cənab Rəcəb Təyyib Ərdoğan olmasının həm Azərbaycan, həm də Türkiyə üçün böyük mənəvi əhəmiyyəti var. Çünki Qarabağın, eləcə də, Azərbaycanın  mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını Türkiyə cəmiyyəti də böyük həyəcanla gözləyirdi.  Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyub. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsidir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir.

  Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında deyib ki, Şuşa  Bəyannaməsi  Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir: 

“Bu bəyannamə iki qardaş dövlət arasındakı strateji müttəfiqliyi yüksək səviyyəyə qaldırdı.  Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi şərtlər dəyişdi. Yeni bir siyasi nizam quruldu. Türkiyə-Azərbaycan tandemi Cənubi Qafqazda kənar təsirləri neytrallaşdırmaqla Azərbacana qarşı olan  xarici təzyiqlərin də aradan qalxmasına zəmin yaratdı. Xüsusən də Şimaldan və Cənubdan Azərbaycana qarşı hərbi və siyasi təzyiq təhdidləri aradan qalxıb. 3 ildir öz xarici siyasətlərini birlikdə koordinasiya edən iki qardaş ölkənin orduları arasında mütəmadi taktiki təlimlər keçirilir.  Hazırda baş verən geosiyasi toqquşmalara fikir verdikdə, bunun Azərbaycan və region üçün, sülhün qorunması üçün vacib olduğunu göstərdi. Düşünürəm ki, Şuşa Bəyannaməsi Azərbaycan üçün hazırda və gələcək perspektivdə təhlükəsizliyimiz üçün əsas qarantdır".