Fazil Mustafa: Seçkilərin 2 ay önə çəkilməsi zərurətdən irəli gəlir

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər.
Bununla bağlı müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.
Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir: “YAP-ı Milli Məclisdə təmsil edən deputatlar 6-cı çağırış Milli Məclisin buraxılmasını xahiş edir”.
Qeyd edək ki, ilk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanıdır, Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillər məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, seçkilərin 2 ay önə çəkilməsi zərurətdən irəli gəlir:
"Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay Azərbaycanda COP29-un tədbiri baş tutacaq. Konstitusiyanın 84-cü maddəsinə görə, ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin sentyabr ayına çəkilmək qərara alındı".

Fazil Mustafa əlavə edib ki, seçkilərdə namizədliyini irəli sürəcək:
"Böyük Quruluş Partiyası bu seçkilərdə aktiv şəkildə iştirak edəcək. Qeyd edək ki, ərazi bütövlüyümüz bərpa olunandan sonra Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri də məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar. Əlbəttəki bu bizim üçün qürur mənbəyidir".