Zəngəzur dəhlizinin açılması üçün böyük imkanlar yaranacaq
Bu addımdan sonra Ermənistan-Türkiyə münasibətləri yaxşılaşacaq
Naxçıvanın Kərki kəndi ilə bağlı xəbərlər gündəmdədir. Erməni mediası yazıb ki, Rusiya sərhədçiləri təkcə "Zvartnots" Hava Limanından deyil, Arazdəyən ərazisindən də çıxarılıb. Rus sərhədçilərin Paruyr Sevak kəndindəki bazası boşaldılıb. Erməni ekspert Edqar Qazaryan deyib ki, Rusiya sərhədçilərinin bazası bu ərazidən çıxarılıbsa, Kərki və Arazdəyən artıq düşmənə təslim olmağa hazırdır: "İnsanlar bilsinlər ki, Arazdəyənin yaxınlığında, Naxçıvanda Azərbaycan Ordusunun tank bölməsi yerləşdirilib". Ermənistan Demokratik Xalq Partiyasının sədri Aram Sarkisyan da bildirib ki, Kərki kəndi Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyü baxımından strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, İrəvan hakimiyyəti Kərki kəndini geri vermək qərarına gəlsə, onlar təkcə həmin ərazini deyil, Naxçıvan sərhədindən başlayaraq 12 kilometr uzunluğunda olan anklav adlanan ərazini də verəcək: "Bütün o hissə türk dünyasını birləşdirən dəhlizə çevrilir. Çünki oradan Sisiana, Meğriyə və s. yol açılır. Yəni Kərki anlayışı anklav deyil. Bu hökumət o sövdələşməsini həyata keçirsə, dəhlizin formalaşmasına start verəcək". Tarixçi Aleksan Akopyanın Naxçıvanın Kərki kəndinin işğal olunması ilə bağlı yazısı da gündəmə gətirilib. Bildirilib ki, Kərkinin strateji əhəmiyyətini dərk edən ermənilər bu kəndi ələ keçirmək üçün xüsusi əməliyyat hazırlayıblar: “Kəndə hücum zamanı Armaş kəndindən olan Tiqranı qurban verdik. Ona görə kəndi alandan sonra adını Tiqranaşen qoyduq”. Onun sözlərinə görə, Sarkisyanın dəstəsi geri çəkiləndən sonra azərbaycanlılar Kərkini tərk ediblər: “Vazgen Sarkisyanın və onun silahdaşlarının böyük səyləri sayəsində Zəngəzura gedən yolu itirmək kimi real təhlükənin qarşısı alındı. Zəngəzura gedən yol Kərkidən atəşə tutulurdu”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Naxçıvanın Kərkin kəndinin Azərbaycana qaytarılması 2020-ci ildə imzalanmış Üçtərəfli bəyanatda öz əksini tapıb. Professorun sözlərinə görə, Kərki kəndinin Azərbaycana qaytarılması Rusiyanın da marağındadır:
"Rusiya sərhədçiləri o səbəbdən Kərki kəndi ətrafından başqa bölgəyə çəkiliblər. Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması üçün sadəcə Əlican sərhəd qapısını açması kifayət etmir. Kərki kəndinin Azərbaycana qaytarılması Türkiyə ilə sərhədin böyüməsi deməkdir. Bu da Naxçıvanla Türkiyə sərhədinin 11 km.dən 23 km.ə çatması anlamına gəlir. Böyük dəhlizin yaranmasından söhbət gedir. Əslində bu, həm də Ermənistanın təhlükəsizliyinə təminat verir. Çünki bu addımdan sonra Ermənistan-Türkiyə münasibətləri yaxşılaşacaq. Ən əsası isə Zəngəzur dəhlizinin açılması üçün böyük imkanlar yaranacaq. Yeni ərazidən Ermənistana dəmiryol xətti, avtomobil yolu çəkilə bilər. Zəngəzur dəhlizi təkcə türk dünyasını birləşdirmir. Ermənistanın əsas bölgələrinə - Dərələyəzə, Meğriyə, Qafana, Zəngibasara gedən əsas yollar da Kərkidən keçir".
C.Nuriyev əlavə edib ki, partiya sədri Aram Sarkisyanın dediklərində həqiqət var. Ancaq bu məsələ Ermənistanın maraqlarına uyğundur: "Azərbaycan bölgədə sülhün əldə olunmasının tərəfdarıdır və öz tələblərini də dəfələrlə bəyan edib. Kərki və Qazaxın digər 3 kəndinin qaytarılması qeyd-şərtsiz həyata keçirilməlidir. Çünki bununla bağlı daha əvvəldən üç ölkə arasında imzalanmış sənəd var".