“Paşinyan siyasi gediş edərək, 2026-cı ilin dekabr ayınadək vaxt istəyir. İrəvan hökuməti Bakının uzun müddət gözləyəcəyini zənn edir. Məncə, çox gözləməyəcəyik”
“Görünən və görünməyən qüvvələr Ermənistana açıq-gizli dəstək verir, müxtəlif vədlərlə Paşinyan hökumətini ələ alırlar. Bunun sayəsində İrəvan hakimiyyəti yanlış qərarlar alır”
Azərbaycan-Ermənistan sülh müzakirələrində irəliləyiş yoxdur. Sərhədlərin müəyyənləşməsi istiqamətində görüşlərə fasilə verilməsi, işçi qrupun fəaliyyətsizliyi, Paşinyanın London görüşündən imtinası, Ermənistanın konstitusiyasında dəyişikliyin edilməsinə meylin görünməməsi, rəsmi Bakının təkliflərinə hələ də mükəmməl cavab verilməməsi İrəvanın sülhdən uzaqlaşdığını göstərir. Əvvəllər Azərbaycanla münasibətlərin qurulmasında daha maraqlı görünən Paşinyan hökuməti son bir-iki aydır ritorikasını dəyişib. O baxımdan prosesi canlandırmaq üçün müəyyən addımlar atılır. Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib. Kommunikasiya məsələlərinin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub. E.Əmirbəyov vurğulayıb ki, Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddiaları Bakı ilə İrəvan arasında sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qalır. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan da bunu təsdiqləyib. Lakin Badalyan qeyd edib ki, marşrutların açılması Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsidir. Rusiyalı ekspert Yevgeni Mixaylov Cənubi Qafqazda vəziyyətin təhlükəli ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Vəziyyəti gərginləşdirən məqamlardan biri də ABŞ, Fransa və Hindistan kimi ölkələrin Ermənistanı silahlandırması, "mülki məsləhətçilər" adı ilə hərbi müşavirləri erməni ordusuna göndərməsidir. Sülh danışıqları ətrafında son günlər baş verənlərlə bağlı "Sherg.az"ın suallarını cavablandıran ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərli nikbinliyin tədricən aradan qalxdığını deyib. Polkovnik COP29-a qədər sülhün çərçivə sazişinin imzalanması ehtimalının da artıq zəif olduğunu düşünür...
- Üzeyir bəy, Zəngəzur dəhlizi və kommunikasiya kimi məsələlərin kənara qoyulması sülh prosesini sürətləndirə bilərmi?
- Azərbaycan Ermənistanla sülhə nail olmaq, prosesi irəliyə daşımaq üçün ciddi təşəbbüslər göstərir, üzərinə düşəni artıqlaması ilə edir. Əfsuslar olsun ki, Ermənistandan istədiyimiz cavabı, reaksiyanı ala bilmirik. İrəvan hökuməti sülh prosesinə kömək edəcək məqamlara çox ləng, bəzi hallarda süründürməçiliklə cavab verir. Dəfələrlə bunun şahidi olmuşuq. Elçin Əmirbəyovun açıqlaması Ermənistan tərəfindən təsdiq olunsa da, reallıq odur ki, proses dayanıb. İrəvan qəsdən və məqsədyönlü şəkildə süstlük nümayiş etdirir. Görünən və görünməyən qüvvələr Ermənistana açıq-gizli dəstək verir, müxtəlif vədlərlə Paşinyan hökumətini ələ alırlar. Bunun sayəsində İrəvan hakimiyyəti yanlış qərarlar alır.
- Ermənistanın rəsmi Bakının ATƏT-in Minsk qrupu ilə bağlı təklifinə müsbət cavab verməməsinin səbəbi nədir?
- Əslində, Azərbaycan tərəfi çox sadə təkliflə çıxış etmişdi. İrəvana çağırış etmişdi ki, onsuz da fəaliyyəti olmayan, heç bir işə yaramayan qurumun ləğvi ilə bağlı birgə müraciət edilsin. Minsk qrupu keçmiş Qarabağ probleminin həlli məqsədi ilə formalaşmışdı. Belə bir problem qalmadığına görə, həmsədrlik institutuna da ehtiyac qalmayıb. Buna baxmayaraq, Minsk qrupunun fəaliyyət göstərməsində bəzi böyük güclər hələ də maraqlıdır. Ona görə də Ermənistana Bakının təklifi ilə bağlı susmaq təlimatını verdilər. Ermənistan sülhdə maraqlı görünsəydi, müstəqil iradəsi olsaydı, kənardan gələn təhriklərə məhəl qoymazdı.
- Avropa İttifaqının rəsmisi Toivo Klaarın "Qarabağ ermənilərinin qayıdışı" məsələsini gündəmə daşıması nəyə hesablanıb?
- Klaarın açıqlaması əndrabadidir. Deyir ki, ermənilər "dədə-baba torpaqlarına qayıtmalıdırlar", "Azərbaycan üzərinə öhdəlik götürüb" və s. Fikir verirsizmi, üzərindən xeyli zaman ötsə də, məsələni gündəmdə saxlayır, necə deyərlər, diriltməyə çalışırlar. Məqsəd heç ermənilər də deyil, sırf öz maraqlarını təmin etmək naminə bu cür çıxışlar edirlər. Ermənistan aktiv şəkildə silahlandırılır. Halbuki normal halda sülh və bölgədə sabitlik istəyən Avropa İttifaqı İrəvana əməli addımlar atmaqla bağlı çağırış etməlidir. İrəvandan Qazaxın 3 və Naxçıvanın Kərki kəndlərini tezliklə Azərbaycana geri qaytarılmasını istəməlidir. Bir dəfə olsun belə çağırışlara rast gəlməmişik. Hansı əsaslarla Avropa strukturlarını sülhdə maraqlı tərəflər adlandıraq?! Hərə öz marağını güdür. Azərbaycan bütün imkanları ilə, istənilən platformada prosesin sürətlənməsinə, sülh sazişinin rəsmiləşməsinə cəhd edir. Lakin müxtəlif məsələləri gündəmə daşımaqla prosesə zərbə vurmağa səy göstərirlər. Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların öz tarixi yurdlarına geri dönməsi Ermənistan hökuməti üzərində əlavə öhdəliklərin yaranması deməkdir. Azərbaycana qarşı əks gedişlərin səbəbi budur. Klaarın bəyanatı da buna xidmət edir.
- Sülh sazişi ilə bağlı nikbinlik azalmaqdadır. Yaxın aylarda müqavilənin imzalanması mümkün görünürmü?
- Vaxt çox azalıb və proses dalana dirənib. Ümidlər var idi ki, COP29-a qədər hansısa çərçivə sazişi imzalanacaq. Görünən odur ki, Ermənistan yayınır. Belə gedişlə noyabr ayınadək sülh sənədinə imza atılacağı inandırıcı deyil. Az qala hər gün "sülh sazişini imzalamağa hazırıq" deyə car çəkən Ermənistan son günlərdə ağzına su alıb. Kənar güclərin təlimatlarını icra etməyə başı qarışan İrəvan sazişin imzalanmasını uzatmağa çalışır. Azərbaycan rəhbərliyi birmənalı tələb edir ki, sülh sazişindən öncə Ermənistan mövcud konstitusiyasını dəyişməli, Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı maddələri oradan çıxarmalıdır. Paşinyan isə siyasi gediş edərək, prosesi uzadır, 2026-cı ilin dekabr ayınadək vaxt istəyir. İrəvan hökuməti Bakının uzun müddət gözləyəcəyini zənn edir. Məncə, çox gözləməyəcəyik. Ermənistan məcburiyyət qarşısında qalıb, həm ərazilərimizi qaytaracaq, həm də gec-tez sülh sazişinə imza atacaq. Başqa yolu yoxdur. Böyük ehtimal COP29 tədbirindən sonra Azərbaycan Ermənistanı sülhə məcbur edəcək rıçaqları işə salacaq.
- Ermənistan sülhdən sonra Zəngəzur dəhlizinə də razılıq verəcəkmi?
- Sözün açığı, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı pozitiv addım atacağını düşünmürəm. İranın dini lider S.Ə.Xomenei Tehranda Baş nazir Nikol Paşinyanla görüşündə Zəngəzur dəhlizinin həm İranın, həm də Ermənistanın maraqlarına zidd olduğunu söylədi. Bunu İrəvanın mövqeyi kimi də dəyərləndirmək olar. Ermənistan digər dövlətlərlə yanaşı, həm də İrandan asılıdır. O baxımdan Ermənistanın Zəngəzur dəhlizi ilə ən azından tez və rahatlıqla razılığa gələcəyini zənn etmirəm.