Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov

"Son dövrlərdə müşahidə olunan səfərlər də məhz bu marağın praktik ifadəsidir"

"Azərbaycan öz xarici siyasətində ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verir və bu xətt vasitəsilə Avropa İttifaqı daxilində, o cümlədən Fransanın dominant təsirini balanslaşdırmağa çalışır"

Son günlər Avropa İttifaqı və aparıcı Avropa dövlətlərinin Azərbaycana artan siyasi-diplomatik marağı Aİ-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. Baxmayaraq ki, son illərdə Avropa Parlamenti ilə Azərbaycan arasında qəbul olunan qərəzli qətnamələr və siyasi ittihamlar fonunda müəyyən gərginlik müşahidə olunurdu. Ancaq bu, Brüssellə Bakı arasında strateji təmasların zəifləməsinə səbəb olmayıb. Əksinə, İtaliya baş naziri Ciorcia Meloninin Bakıya səfəri və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Prezident İlham Əliyevlə görüşü göstərdi ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərə artıq yalnız siyasi dialoq çərçivəsində deyil, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik kontekstində yanaşır.

Bu, Azərbaycanın Avropa üçün təkcə Cənubi Qafqazın əsas siyasi aktoru deyil, həm də Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa üçün strateji tərəfdaş kimi önə çıxdığını göstərir. Eyni zamanda, Brüsselin Cənubi Qafqazda artan fəallığı və Bakı ilə paralel intensiv təmasları Azərbaycanın regionda yalnız enerji tərəfdaşı deyil, həm də geosiyasi balansın əsas elementi kimi qiymətləndirildiyini göstərir. Bu isə Aİ-Azərbaycan münasibətlərinin bütün siyasi ziddiyyətlərə baxmayaraq, daha praqmatik və strateji mərhələyə daxil olduğunu deməyə əsas verir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a bildirib ki, Avropa İttifaqında müxtəlif institutlar mövcuddur:

“Bunlara icraedici qurumlar, Avropa Komissiyası və müxtəlif sahələr üzrə fəaliyyət göstərən komissarlar daxildir. Eyni zamanda, müxtəlif ölkələrdən xüsusi kvota əsasında seçilmiş nümayəndələr Avropa Parlamentində təmsil olunurlar və onların sayı 600 nəfərdən çoxdur. Bu qurumların hər birinin özünəməxsus problemləri və fəaliyyət xüsusiyyətləri var. O ki qaldı ikitərəfli münasibətlərə, Azərbaycanın Avropa İttifaqına üzv müxtəlif dövlətlərlə əlaqələri, xüsusən iqtisadi sahədə, dinamik şəkildə inkişaf edir. Bu baxımdan nəzərə almaq lazımdır ki, Avropa Parlamentində təmsil olunan deputatlar bir çox hallarda öz ölkələrinin siyasi xəttini ifadə etmirlər. Bundan əlavə, orada müxtəlif siyasi qruplar və təşkilatlar formalaşıb ki, onlar da müəyyən təsirlər altında fəaliyyət göstərirlər. Mən öz təcrübəmə əsasən deyə bilərəm ki, bu nümayəndələrin bir qismi bir çox hallarda Fransanın siyasi təsiri altında fəaliyyət göstərir. Çünki maliyyə baxımından Avropa Parlamentində təmsil olunmaq kifayət qədər cəlbedicidir. Müxtəlif mənbələrdən məlum olur ki, burada ayrı-ayrı nümayəndələrə verilən maaşlar və digər imtiyazların həcmi 30 min avro və daha artıqdır. Bu səbəbdən də həmin mövqelərə gəlmək üçün müəyyən siyasi dairələrə xidmət edənlər az deyil. Cənab Prezidentin də qeyd etdiyi kimi, son üç il ərzində Fransanın təşəbbüsü və təsiri ilə Azərbaycana qarşı 14 qətnamə qəbul olunub. Bu isə göstərir ki, həmin qərarların arxasında konkret siyasi mərkəzlər və yönləndirici qüvvələr dayanır. Yəni bu, daha çox Avropa Parlamentinə xas olan siyasi davranış modelidir".

T. Zülfüqarov qeyd edib ki, icraedici orqanlar Avropa İttifaqına üzv dövlətlərin ümumi siyasi iradəsi əsasında formalaşır:

“Onlar bir çox hallarda həm Avropa İttifaqının ümumi maraqlarını, həm də ayrı-ayrı üzv dövlətlərin prioritetlərini nəzərə alaraq siyasət həyata keçirirlər. Məlumdur ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan əsas tərəfdaşlardan biridir. Xüsusilə indiki şəraitdə, Rusiyanın enerji resurslarının sanksiyalarla məhdudlaşdırıldığı və enerji daşıyıcılarının ixrac imkanlarının daraldığı bir dövrdə Azərbaycanın əhəmiyyəti daha aydın görünür. Məhz bu səbəbdən Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji əhəmiyyət daşıyır. Görünən odur ki, indiki mərhələdə Azərbaycana maraq daha da güclənir. Son dövrlərdə müşahidə olunan səfərlər də məhz bu marağın praktik ifadəsidir. Azərbaycan öz xarici siyasətində ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verir və bu xətt vasitəsilə Avropa İttifaqı daxilində, o cümlədən Fransanın dominant təsirini balanslaşdırmağa çalışır”.