Beynəlxalq forum iştirakçıları Ağdamda minatəmizləmə işləri ilə tanış olublar - YENİLƏNİB

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçıları Ağdam rayon Baş Qərvənd kəndi ərazisində minadan təmizlənmiş əraziyə baxış keçiriblər.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bir neçə ölkədən 15 beynəlxalq ekspertin və yerli QHT nümayəndələrinin iştirak etdiyi səfərdə forum iştirakçılarına minatəmizləmə işləri ilə bağlı məlumat verilib.
Onlar Azərbaycanda ilk qadın minatəmizləmə qrupu, siçovullar və itlərlə minatəmizləmə təlimi haqqında məlumatlandırılıb.

***

11:15

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam Şəhidlər xiyabanı haqqında məlumat verilib.

Bildirilib ki, Xocalı soyqırımı və birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülkü şəhidlər burada dəfn olunub. Daha sonra forum iştirakçılarının minadan təmizlənmiş əraziyə baxışı nəzərdə tutulur.