Çingiz Qənizadə: Dövlət haqlı olaraq onların əmlaklarını müsadirə etməlidir

Azərbaycanda cinayət törətmiş şəxslərin əmlakının müsadirə edilməsi hallar genişləndirilir.
 Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik layihəsində qeyd edilir ki, cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Cinayət-Prosessual Məcəlləsində edilən dəyişiklikləri “Sherg.az” üçün şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, sözügedən mövzuda edilən dəyişikliklərdən tam razıyam, hətta deyərdim ki, məsələ barəsində qərar qəbul edilməsində gec qalınıb: 
“Cinayət təqibinin qiyabi icraatı dedikdə, istintaqı aparılan şəxsin istintaqdan yayınarkən, onun özü olmadan istintaq aparılması və barəsində hökm çıxarılırması başa düşülür. Belə şəxslər barəsind hökmün çıxarılması Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan hallarla xüsusi icraat qaydasında normaldır. Çünki bu cür şəxslər nəyinki fərdlərə və dövlətə, bəzən bəşəriyyətə qarşı da cinayət törətmiş olurlar. Eyni zamanda həmin şəxslər beynəlxalq təşkilatlar tərəfindən birgə fəaliyyət nəticəsində nəzərdə tutulan cinayətkarlığın, terrorçuların maliyyələşdirilməsi, silah alqı-satqısı və digər ağır cinayətlərin törədilməsi ilə bağlı hallar olduqda külli miqdarda pullar əldə edirlər. Belə olan halda cinayətkarların fəaliyyəti nəticəsində zərərçəkmiş tərəfin dövlət, fərdi şəxs olmasına baxmayaraq zərərin ödənilməsi mümkün deyil. Nəticədə dövlət haqlı olaraq onların əmlaklarını müsadirə etməli və  əldə olunan pulu zərərçəkənlərə yönəltməlidir. İndi qanunda edilən dəyişiklər bu məsələləri özündə ehtiva edir”.
 
Ç. Qənizadə sülh, insanlıq əlehinə və digər ağır cinayətlərlərdə adı keçənlər barəsində qiyabi icraat aparılan zaman özləri iştirak etmədən əmlaklarının müsadirə edilərək zərərçəkən tərəfə yönəldilməsinin çox doğru addım olduğunu vurğulayıb:
 “Bu qanun dünya təcrübəsində özünü təsdiq edib. Edilən dəyişiklərlə Azərbaycanda da gələcəkdə qanuna uyğun şəkildə İstintaq və Məhkəmə orqanları müvafiq addımlar atacaqlar. Həmçinin dəyişikliyin əsas müsbət halı zərərçəkən şəxslərin hüquqlarını bərpa olunmasına şərait yaratmasıdır”.