Sahib Məmmədov: Sui-istifadə halları baş alıb gedir.

Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2025-ci il yanvarın 1-nə qədər uzadılmasını təsdiqləyib.
 Qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılır.
Bununla bağlı Milli Məclisə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanun layihəsi daxil olub.
Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitir.
Dəyişiklik qəbul edilsə yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, bu hadisə gözlənilən idi:

"Əlavə və dəyişiklikləri etmə səlahiyyəti ölkə Prezidentindədir. Yəni oraya kimsə daxil edilə və yaxud çıxarıla bilər. Bütövlükdə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması il bağlı qanun vergi orqanlarına, Fövqaladə Hallar Nazirliyinə ( FHN), Qida Təhlükəsizlik Agentliyinə (QTA) şamil olunmur. Sahibkarlıq subyektlərində yoxlamar zamanı baş verən neqativ halların qarşısı bu yolla alınmış olur. Amma bunun mənfi nəticələri də mövcuddur. Məsələn, Dövlət Əmək Müfəttişliyinin Xidməti iş yerlərində əmək münasibətləri ilə bağlı yoxlamar dayandığına görə sui-istifadə halları baş alıb gedir. Ümumiyyətlə sahibkarlıq subyektləri yoxlamaların üzərinə qoyulan moratoriumdan bəzi hallarda sui-istifadə edirlər. Bu həm də keyfiyyətə təsir edən amildir. Ona görə də məsələn, QTA-nə yoxlamaları davam etdirmək üçün səlahiyyətlər verilib. Burada ən ideal variant olaraq nəzarət orqanı öz funksiyasını yerinə yetirməli, sahibkarlıq subyektləri də düzgün işləməlidir. Eyni zamanda korrupsiyaya şərait yaradan hallar olmamalıdır. Bunu təmin etmək mümkün olmadığı üçün qanunun müddətinin uzadılması zəruridir".