İtirilmiş bir övlad: 12 yaşlı qızı 32 yaşlı birisiylə nişanladılar

Gələcəyi oğurlanmış bir qadın olacaq 


Manyak valideynlər özləri kimi manyak övladlarını körpə qız uşaqları ilə evləndirdilər

  İlimizi erkən evliliklə başa vururuq, təəssüf ki. 12 yaşlı qızı 32 yaşlı birisiylə nişanlayırlar, adını da qoyurlar ki nişandır, yaşı çatanda evlənəcəklər. Siz dediniz, biz də inandıq?! İl ərzində nə qədər belə əcaib hadisə baş verdi. Manyak valideynlər özləri kimi manyak övladlarını körpə qız uşaqları ilə evləndirdilər. Hərəsi buna bir ad qoydu.  Biri dedi, “söz kəsirik”, o birisi  “nişanlayırıq”, bir başqası “qızım özü istəyir”, Allahsızın biri də “vallah, söz veriblər, qızı oxudacaqlar”, deyib ört-basdır etməyə çalışdı bu rəzaləti, rəsmi qurumlar da “qəbul etdi”. Ortada gerçəklik aydın bir şəkildə, gözlərinin düz içinə baxdığı halda, dövlət qurumlarımız valideynlərin “etiraflarına” təslim olurlar. Niyə? Qanunlarda boşluqlar varsa, doldurun. Cinayət Məcəlləsinə dəyişkilik etmək lazımdır, edin. “Təhsil haqqında” qanuna əlavəyə ehtiyac var, onu da edin. Çətin olmamalıdır axı bu işlər. Göz görə-görə uşaqlar istismar edilir, pedofillik yayılır, yetkinlik yaşına çatmayanlar cinsi istismara məruz qalır, erkən nikahdan doğulan körpələrin sayı artır, nikahsız evliliklər baş alıb gedir, rəsmi qurumlar durub müşahidə edir, deməli?!. Yox, əgər nəsə edirlərsə, o zaman bu kimi halların qarşısı alınmalıydı. Amma alınmır. Davam edir. Məsələn, Sabirabadda. Hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlaması insanın lap “gözlərini yaşardır”: "Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb. Sabirabad Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın və polis əməkdaşlarının iştirakı ilə ailə ziyarət edilib: "Ailə başçılarının izahatları alınıb, qanunla erkən yaşda nikaha təhrik etmənin məsuliyyət yaratdığı onlara izah edilib. Lakin buna baxmayaraq, ailə başçıları qeyd ediblər ki, burada heç bir təzyiqdən söhbət gedə bilməz, qız özü qərar verib. Nəzərə alsaq ki, qızın 12 yaşı var və o, bu yaşda nişan və ya evlənmək istəyinə necə qərar verə bilər? Yekun olaraq ailə başçıları qızın 18 yaşı tamam olana qədər toy mərasiminin keçirilməyəcəyinə dair yazılı izahat veriblər. Əgər 12 yaşlı qızın yetkinlik yaşına çatana qədər toy mərasimi baş tutarsa, həmin şəxslər qanunamüvafiq formada məsuliyyətə cəlb ediləcəklər. Sözügedən ailə komitəmiz, icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılacaq. Baş verənlər qızın psixologiyasına mənfi təsir göstərməsin deyə mərkəzin psixoloqları onunla tez-tez görüşəcək, söhbət edəcəklər”. 
  Şox istərdik, növbəti ildə Sabirabadın Məmişli kəndində bu 12 yaşlı qızın toy məclisi olmasın. Olacaqsa, rəsmi qurumlar nə edəcək? Heç nə. Valideynlərdən izahat alacaqlar, vəssalam. Bəlkə 1-2 sutka həbs cəzası da verdilər. Nəticə? Yenə heç nə! 
  Bu hadisə adətən olduğu kimi yenə də sosial şəbəkələrdə mübahisə, müzakirə predmetinə çevrilib. Amma bu da müvəqqətidir. Sabah unudulacaq hadisə. Manyak valideynlərə də, məsuliyyətsiz rəsmi qurumlara da bu sərf edir. 
  Belə hadisələrə kəskin məvqeyi ilə seçilən həkim Vaqif Qarayev statusunda yazıb: “Qızqaçırmadan xoşumuz gəlmir, amma belə hadisələr səngimir. Yetkinlik yaşına çatmayanların nişanlanmasından, ailə qurmasından xoşumuz gəlmir, amma belə hadisələr səngimir. Oxusun, təhsil alsın deyirik ki, gözü açıq olsun, yaxşı oxusun, amma bir statistikada göstərilirdi ki, təhsilli xanımlar daha çox zorakılığa məruz qalırlar. Belə bir paradoks! TV-lərdə min cür teatr (sözün həqiqi mənasında)  çıxardırlar, evdar qadın statusunda olan on minlərlə xanım saatlarla bu tamaşalara baxırlar. İstəsə də, istəməsə də, müəyyən qrup bu teatr "havasında" yaşamağa məcbur edir özünü. Mənasız serialları da bura əlavə etsək, bir çoxları real həyatdan uzaqlaşır. Virtual "xoşbəxt həyat" havasına girir.  Ya da özünü efirdəki kimi bədbəxt hiss edir. Belə sosial psixoz ab-havasında təhsilin bir mənası qalırmı? TV-lərdəki tamaşaların, sosial şəbəkədəki müzakirələrin bir faydası olurmu? Görünən odur ki, irəli getməkdənsə, dibə sürüklənirik (istisnaları boş verin) Çıxış yolu varmı?”.
  
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.a”a açıqlamasında qeyd etdi ki, bu məsələdə ən böyük günahkar dövlət qurumlarıdır: 
- Burada konkret olaraq bir uşağın hüquqları pozulub. Bəlkə daha böyük faktlar da var. Yetkinlik yaşına çatmayanların evliliyi günümüzün qara bəlasıdır. Amma bu problemin həlli kimisə təhqir etmək, şəxsiyyətini alçaltmaqla yox. Biz hansısa bölgənin düşüncə tərzini təhqir etməməliyik, bu düşüncə tərzini dəyişməyə çalışmalıyıq. Amma qamçı ilə yox, sözlə, iş aparmaqla. Bu da hər nə qədər faydasız saysaq da, yenə də maarifləndirmə ilə mümkündür. Valideynlərə erkən evliliyin mənfi nəticələri, fəsadları başa salınmalıdır. Onlara bildirilməlidir ki, erkən evlilik həm fiziki, həm də psixoloji travmalar yaradır. Erkən evliliyin bioloji fəsadları ayrı bir mövzudur. Erkən doğuş qadında hansı problemlər yarada bilər, gənc qızın analığa hazırlıqsız olması, övlad böyütmək üçün potensialının azlığı anladılmalıdır. Valideynlər elə düşünür ki, hər zaman övladlarının yanında olacaqlar, ona dəstək verəcəklər. Amma həyat gözlənilməz hadisələrlə zəngindir. Gənc qız tənha da qala bilər. Rəsmi nikahı yoxdursa, heç bir hüquqa sahib olmayacaq. Əgər bir gün ər evindən çıxarılarsa, küçədə qalacaq, itirilmiş bir övlad, gələcəyi oğurlanmış bir qadın olacaq. Bunlar başa salınmalıdır ata, analara. 

  F.Mehmanqızı bildirdi ki, ölkədə maarifləndirmə səviyyəsi sıfırdır: 
- Əgər biz və ətrafımızdakılar “Uşaq Qaynar Xətt”i barədə heç nə bilmirsə, zorakılığa məruz qaldıqda hara müraciət edəcəklərindən xəbərsizdirlərsə, deməli, bu sahədə mübarizə yoxdur, maarifləndirmə sıfırdır. Əgər maarifləndirmə gərəkən səviyyədə olsaydı, zorakılığa məruz qalan, istəyi əleyhinə barəsində qərar verilən qızlar hara müraciət edəcəklərini bilərdilər. Gürcüstanda olduğu kimi. Gürcüstanda belə məsələlərə sərt münasibət var, erkən evliliyə razılıq vermiş valideynlər ciddi şəkildə cəzalanırlar. Orada erkən evlilik səviyyəsi (azərbaycanlılar yaşayan bölgələrdə) xeyli aşağı düşüb, bizdən fərqli olaraq. Qanunlara riayət olunmur. Erkən evliliyin toy məclislərində polis əməkdaşı da iştirak edir, müəllimlər, rayon təhsil şöbələrinin işçiləri, icra hakimiyyəti əməkdaşları, bələdiyyə işçiləri... Hamısı da qanunu əlinin arxasıyla  itələyir, demək. Bu, qanunlara sayğısızlıqdır və belə məclislərdə iştirak edənlər də məsuliyyətə cəlb olunmalıdırlar.