Bir nömrəli vərdiş: İnsan gündə ən azı 6 saat yatmalıdır

Yuxusuzluq vaxtında müalicə edilmədiyi zaman bir sıra ciddi xəstəliklər üçün zəmin yarada bilər


  Gecələr yatmayan insanlarda damar tıxanma riski iki dəfə çoxdur.
Bununla bağlı tədqiqat aparan əcnəbi alimlərin qənaətinə görə, gecə yuxusu almayan insanlarda damar tıxanması riski erkən oyananlara nisbətən iki dəfə çox olur. Araşdırma çərçivəsində yaşları 50-64 arasında olan 771 nəfərin məlumatları təhlil edilib. Damarlarında sərtləşmə və tıxanmadan əziyyət çəkən bu insanların 41 faizi gecə yatmayan insanlar, 22 faizi isə erkən qalxanlardır.
  Qan damarlarında yağ yığılması nəticəsində yaranan sərtləşmiş arteriyalar, yüksək təzyiq və xolesterolu olan yaşlı insanlarda daha çox rast gəlinir, infarkt və insult riskini artırır. Gecə yatmamaq yuxu rejiminin pozulmasına səbəb olur. Gecə saatının bu uyğunsuzluğu yüksək qan təzyiqi və iltihabla əlaqələndirilir.

  Həkim Günel Kərimova isə “Sherg.az”a açıqlamasında deyib ki, gecəni yuxusuz qalan insanlar oyandıqdan sonra özünü çox əzgin və yorğun hiss edir:
 “Bu çox ciddi bir problemdir. Çünki yuxusuzluq yalnız enerji səviyyənizə və əhvalınıza deyil, həmçinin sağlamlığınıza, işinizə və həyat keyfiyyətinizə də ciddi təsir edib, iş keyfiyyətinizi azalda bilər. Yuxunun müddəti hər kəsdə fərqli olur, ancaq böyüklərin əksəriyyəti gecə yeddi-səkkiz saatlıq bir yuxuya ehtiyac duyurlar. Ümumiyyətlə, yuxusuzluq stressin və ya baş vermiş travmatik bir hadisənin nəticəsidir. Yetişkin insanların təxminən yüzdə 30-nun yuxu pozğunluğu var. Yuxusuzluq ürək sağlamlığınıza pis təsir edir. Yuxu problemi olan insanlarda qan təzyiqi və ürək döyüntüləri daha yüksəkdir. Beləliklə, infarkt riski birbaşa artır. Yuxu pozğunluğu olan insanlarda şəkərli diabetin inkişaf etməsi ehtimalı yaranır və nəticədə ürəyi bəsləyən koronar damarların tıxanma ehtimalı da yüksəlir. Yuxusuzluq iltihabı artırır. İltihab aterosklerozun inkişafının ən vacib səbəblərindən biridir. Bəzi elmi araşdırmalar göstərir ki, uzun müddət yatmaqda çətinlik çəkən insanlarda infarkt riski təxminən yüzdə 13 faiz artır”.

  Kardioloq yuxusuzluğun müalicə olunmadığı təqdirdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini deyib: 
“Yuxu bədənə istirahət, canlanma, yenilənmə kimi təsir edir, bəzi vacib hormonlar, xüsusilə melatonin və böyümə hormonu yuxuda ifraz edilir. Yuxusuzluq vaxtında müalicə edilmədiyi zaman bir sıra ciddi xəstəliklər üçün zəmin yarada bilər. Yetişkin insan gündə ən azı 6 saat yatmalıdır. Tədqiqatlar göstərir ki, gecə 6 saatdan az yatan insanlarda yüksək qan təzyiqi, ürək-damar problemləri, şəkərli diabet, piylənmə, depressiya kimi problemlər yaranır. Yuxusuzluq sonrası beyin zehni fəaliyyət göstərmək üçün daha çox güc sərf etməyə məcbur olur. Bu səbəbdən həmin şəxslərdə baş ağrısı, halsızlıq, yorğunluq, diqqət əksikliyi, yaddaşın zəifləməsi, iş və öyrənmə qabiliyyətinin azalması müşahidə edilir”.
  Mütəxəssislərin fikirlərinə əsasən qeyd edək ki, yuxusuzluq həyat keyfiyyətini aşağı salır. Sözügedən xəstəlikdən əziyyət çəkən insanların iş və yol qəzaları törətmək halları artır. Uzun zamandır problemi özündə müşahidə edənlərin mütəxəssisə müraciət etmələri tövsiyə olunur.