TƏBİB-dən AÇIQLAMA : Təcili Tibbi Yardımın  çağırışa gəlməməsi ....

Təcili tibbi yardım balkondan yıxılan uşaq üçün edilən çağırışa gəlməyib. 
Hadisə Abşeron rayonunun Masazır qəsəbəsində qeydə alınıb. 
13 yaşlı Ayan Aslanova ehtiyatsızlıqdan  II mərtəbədəki mənzillərinin eyvanından  yıxılıb. Qonşular dərhal Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng etsələr də, gələn olmayıb. 
Bu barədə hadisənin şahidi olduğunu qeyd edən  yazar Nərmin Hüseynzadə məlumat yayıb:  "Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq iki büklüm qalıb yerdə, ana şokda özünü çırpır.  İlk iş Təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi! Düz 1.5 saat uşaq qaldı betonun üstündə, qanının içində. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qolun, qıçın bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək". 

Yazar Təcili tibbi yardımın məsuliyyətsizliyindən Səhiyyə Nazirliyi və TƏBİB-ə də şikayət edib:
 "Hadisənin şoku bir yana, Təcili yardımın gəlməməsinin, o an hiss etdiyim əlacsızlığın şokundan çıxa bilmirəm. Düz bir sutkadır başım ağrıyır. Necə yəni, gəlmədi? Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? Necə? Niyə? TƏBİB, o uşaq, o qədər sümük sınığı ilə, bir saat yarım sizi gözlədi. Alaq həyətimizə hərəyə bir dənə təcili yardım maşını qoyaq? Nə edək biz? Necə yaşayaq sizinlə eyni ölkədə? Yaşaya bilmirik axı".

TƏBİB-dən isə "Sherg.az" a bildirilib ki, 
Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır: "Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. 
Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb. Bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub. Bildiririk ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq". 

Əlavə olaraq bildirilib ki, hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Təcili tibbi yardımın gecikməsi adətən gərəksiz çağırışlarla TTY-nin mğşğul edilməsinə görədir(gecə tıxac olmadığını nəzərə alsaq). Günün istənilən saatında əsla TTY-nin istirahət etdiyi, işə çıxmadığı və çağırışdan yayındığı görülməmişdir.

Uzun müddət təcili tibbi yardım briqadasında çalışmış həkim Şahvələd Məmmədov isə "Sherg.aza"açıqlamasında deyib ki, Təcili Tibbi Yardım Stansiyasının heyəti yerləşdiyi ərazidə əhalinin sayına görə təyin edilir. Əhalinin sayı  isə 10 il əvvəlki kimi deyil: 

"Bakı şəhəri üzrə cəmi  22  Təcili tibbi yardım stansiyası olduğunu deyib. Paytaxtda isə əhalinin sayı hədsiz artıb. Həm Bakı ətrafı kəndlərdə  salınan yaşayış massivləri, həm də şəhərdə yaşayan qeydiyyatsız əhalinin sayı ilə müqayisədə TTYS-nin sayı adekvat deyil. Mövcud stansiyalar  məhz qeydiyyatda olan əhali sayına görə hesablanır. 
150-200 minlik yaşayış ərazisi üçün bir təcili yardım stansiyası nəzərdə tutulubsa, qeydiyyatsız yaşayan əhalinin sayı ilə müqayisə edəndə stansiyada həkim çatışmazlığı yaşanır.
Digər tərəfdən də Masazır və Xırdalan ərazilərində həddindən artıq avtomobil sıxlığı var. Təcili yardım maşınları da digər avtomobillər kimi tıxaca düşür, hərəkəti çətinləşir və çağırış nöqtələrinə vaxtında çata bilmir. Hansısa həkimin çağırışa laqeyd yanaşması ehtimalı yoxdur. Yenə deyirəm, əhali sayı ilə müqayisədə həkim çatışmazlığı var. Ola bilər ki, 2-ci mərtəbədən yıxılan uşaqla bağlı təcili tibbi yardıma zəng edilən zaman boşda həkim olmayıb, həmin müraciət başqa bir xəstənin çağırışına gedən həkimə həvalə olunub. Çağırışlar briqadalara ratsiya vasitəsilə bildirilir, lakin həkimlər xəstə yanında olduğundan həmin çağırışlara vaxtında gedə bilmir. 
Təbii olaraq, həkim bir xəstəni müayinə edib, yaxud da onu xəstəxanaya  yerləşdirib digər çağırışa gedənə qədər də 1-2 saat vaxt itirə bilir".  

Ş. Məmmədov qeyd edib  ki, təcili yardımın gecikmələrində bir yox, bir neçə səbəb var ki, bura əhalinin statistikası, qeydiyyat, ünvan problemi, yol infrastrukturu da daxildir:
 "Üstəlik, ölkəmizdə İcbari Tibbi Sığortanın tətbiqindən sonra vətəndaşların xəstəxana və poliklinikalara axını  o qədər artıb ki, adi bir narahatlığa görə də təcili yardıma müraciət edib xəstəxanaya getmək istəyirlər. Bu sahədə ciddi yüklənmə yaranıb. Təbii olaraq da təcili yardım briqadaları çağırışları çatdıra bilmir".