COP iqlim dəyişikliyi ilə mübarizədə bir sıra uğurlar əldə edib

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP) dövlətlərin öz fəaliyyətlərini əlaqələndirməsi üçün fundamental platformaya çevrilib. Onun sayəsində BMT-yə üzv ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaqla bağlı razılıqlara gəlirlər.
"Report" xəbər verir ki, bunu ekoloji hüquq üzrə baş müəllim, professor Lesli-En Dyuvik-Paoli (Dr Leslie-Anne Duvic-Paoli) deyib.
“Onlar dövlətlərə öz addımlarını yeni elmi biliklərə uyğunlaşdırmaq və müqavilələr üzrə hüquqi öhdəliklərini necə yerinə yetirdiklərini müzakirə etmək üçün müntəzəm görüşmək imkanı verir”, - o bildirib.

Professor qeyd edib ki, ancaq onların fəaliyyətinin texniki aspektləri xaricində, konfranslar son vaxtlar öz rolunu genişləndirib: “Bu, birincisi, qeyri-hökumət təşkilatlarının (QHT-lər, şirkətlər və s.) iqlim dəyişikliyi ilə mübarizədə müzakirələrdə iştirak etdiyi və öz fəaliyyətləri barədə məlumatları çatdırdığı ən mühüm platformaya çevrilib”.

“İkincisi, COP sessiyaları iqlim müqavilələrinin ciddi mandatından kənara çıxan iqlim məsələləri üzrə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilməklə dövlətlərə meşələrin qorunması imkanı verir. Eləcə də, bərpa olunan enerji mənbələrinin istehsalı və ya qida sistemlərinin yaradılması kimi müxtəlif istiqamətlər üzrə siyasi bəyannamələr şəklində yeni beynəlxalq öhdəliklərə yol açır”, - Dyuvik-Paoli vurğulayıb.

O qeyd edib ki, COP sessiyasında 190-dan çox ölkə arasında konsensusa nail olmaq olduqca çətin məsələdir, çünki hər kəsin öz maraqları var: “Beynəlxalq ictimaiyyət bir neçə istiqamətdə müəyyən irəliləyişlər əldə edib. Bura iqlim dəyişikliyindən ən çox zərər çəkənlərə dəyən ziyanı ödəmək üçün fondun yaradılması (Zərər və itkinin kompensasiyası Fondu), qalıq yanacaqlarından imtinanın təşviqi və qlobal temperatur artımını Selsi üzrə 1,5 dərəcədən çox olmayan səviyyədə saxlamaq üçün Paris Sazişi çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsi daxildir”.

Professor vurğulayıb ki, COP-un qərarları hüquqi cəhətdən məcburi deyil, daha çox beynəlxalq müqavilələri tamamlayır, məsələn, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişi buna nümunədir: “Lakin daha çox beynəlxalq ictimaiyyət qarşısında aydın kollektiv məqsədlər qoyan Paris Sazişinin həyata keçirilməsinin nə dərəcədə çətin olması sual doğurur. Çox güman ki, hər bir dövlət bu qlobal məqsədlərə töhfə vermək üçün öz fərdi öhdəliklərini inkişaf etdirməli olacaq”.

“Siyasi liderlərin çox vaxt Paris Sazişinin məqsədlərinə uyğun milli siyasət və qanunlar hazırlamaq ambisiyaları olmur. İnkişaf etməkdə olan ölkələrə gəldikdə, onların emissiyaları azaltmaq üçün həmişə maliyyə və texnoloji imkanları olmur. Sazişin məqsədləri kifayət qədər geniş və könüllü öhdəliklərə əsaslandığı üçün iqlim ambisiyasının olmamasına görə kimisə məsuliyyətə cəlb etmək çətindir”, - o bildirib.

Professor qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, COP inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi və yeni texnologiyaların tədarükü vasitəsilə texnogen təsirin səviyyəsini azaltmağa imkan verir, həmçinin bioloji müxtəliflik, iqlim dəyişikliyi və dünya okeanlarının çirklənmədən qorunması məsələlərində əməkdaşlığa beynəlxalq ictimaiyyəti səfərbər edir.