“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Təklifi dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a söyləyib ki, bununla bağlı bir ilə yaxındır ki, müzakirələr aparılır:
"Hökümət veteranlara verilən təqaüdün mahiyyətini və məqsədini izah etsə, məbləğin yeterli olub-olmayacağı barədə fikir söyləmək mümkün olardı. Həmin vəsait veteranın həyat şəraitinin yaxşılaşdırılması, kommunal xərclərinin qarşılanması yaxud ərzaq xərcinə dəstək olunması üçün verilir? Veteran haqqı sonuncu dəfə 2018-2019 cu illərdə dəyişib. Yənu üzərindən uzun müddət keçib. Həmin dövrdən sonra isə yüksək inflyasiya müşahidə olunub. Hazırda bu vəsait qənaətbəxş hesab olunursa, o zaman 5-6 il bundan öncə bu məbləğ lazımından artıq verilib. Demək ki, artıq inflyasiya pulu "yeyib" və hökümətin ədalətli hesab etdiyi səviyyəyə çatıb. İlk olaraq açıqlama vermək lazımdır ki, 2018 -ci ildə təqaüdü 80 manat təyin olunması hansı hesablamalara istinadən müəyyənləşdirilib? Həmin statistikanı vətəndaşlara təqdim olunmalıdır ki, prossesdə nələr dəyişdiyini bilək. Fikrimcə, 2018-2019- cu ildə verilmiş 80 manat 2020- ci illə nisbətdə ən azı 40 faiz fərq var. Bu da avtomatik olaraq veteran haqqlarının artırılması gözləntilərini formalaşdırır. Bir sözlə, artımın gündəmdə olması 2024-cü ilin büdcə planında yoxdur".