"Mərhələ ilə bu proses həyata keçirilir. Nəticədə ətraf mühitə ziyan verməyən nəqliyyat vasitələri ölkədə öz yerini tutacaq"
Özbəkistan hökuməti “Ekoloji nəqliyyat” sisteminin mərhələli tətbiqini 2024-cü il iyunun 1-dən 2025-ci il martın 1-nə keçirib. AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, həmin vaxt nəqliyyat vasitələrinin normativlərə uyğunluğunun qiymətləndirilməsi və ekoloji etiketlərin verilməsi başlayacaq.
Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, hökumətin müvafiq sahələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş bəzi qərarlarına dəyişikliklər və əlavələr edilib.
Nəşrlərdə qeyd edilir ki, “Ekoloji nəqliyyat” sistemi çərçivəsində ərazilərin ekoloji vəziyyətindən asılı olaraq onların “təmiz”, “orta” və “zərərli” ekoloji zonalara bölünməsi planlaşdırılır. Diaqnostikadan sonra nəqliyyata “yaşıl”, “sarı” və “qırmızı” stikerlər veriləcək. Bundan sonra ekoloji zonaların ərazilərində və onların sərhədlərində nişanlar qoyulmalıdır, məlumat isə onlayn platformalarda dərc edilməlidir.
Kateqoriyası ekoloji zonaya uyğun olmayan nəqliyyat vasitələrinin sahibləri kompensasiya ödəyəcək, yaxud onlara müvafiq ekoloji zonaya giriş qadağan olunacaq və ya məhdudlaşdırılacaq.
Bundan əlavə, istehsalı ətraf mühitə mənfi təsir göstərən sənaye müəssisələrində və onlara bitişik ərazilərdə “yaşıl zonaların” yaradılması və tətbiq edilməsinə dair tədbirlər həyata keçiriləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az"a bildirib ki, Azərbaycanda da Ekoloji təmiz nəqliyyat vasitələrinə keçidlə bağlı qanun və layihələr qəbul edilib:
“Bu qanunlardan ən əsası ölkəmizə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri elektromobillərin tamamilə rüsumlardan azad olunmasıdır. Yaşı 3 ildən çox olmayan elektromobillər gömrük və vergidə də rüsumlardan azaddırlar. Bu isə sahibkarlara fürsət yaradır ki, alaraq ölkəmizdə satsınlar, həm də qazanc əldə edərək vətəndaşları elektromobillərlə təmin etsinlər. Ekoloji cəhətdən təmiz olan hibrid avtomobillər də ölkəmizə idxal olunan zaman Əlavə Dəyər Vergisindən azad olunublar. Bu da öz töhvəsini verib. Bu gün yeni avtomobil almaq istəyən vətəndaşlar ilk növbədə hibrid avtomobillər ilə daha sonra benzin, dizel və elektromobillərlə maraqlanırlar. Yəni stimullaşdırıcı addımlar artıq atılıb. Sadəcə ölkədə elektromobillərin infrastruktur məsələsi yarımçıq qalmışdı. Bu il ərzində Cənab Prezidentin sərəncamı ilə infrastruktur məsələsi artıq tənzimlənir. Ölkəmizdə enerji doldurma məntəqələrinin yaradılması ilə bağlı işlər həyata keçirilir. Enerji doldurma məntəqələri üçün lazım olan avadanlıq və cihazlar da rüsumlardan azad edilib. Dövlət bizneslə birgə müxtəlif layihələr həyata keçirir. 2023-cü ilin sonuna qədər təxminən 40-50 ədəd enerji doldurma məntəqəsi var idisə, artıq bu ilin sonuna 100-ü keçəcək. Biz bu gün qarşımıza məqsəd qoya bilmərik ki, ölkəmizdə istismar edilən avtomobillərin hər biri elektromobil olsun. Bunu etmək çox çətindir. Ancaq mərhələ ilə çeşidli uğura nail ola bilərik. Sənayedə dizel mühərrikli avtomobillərdən imtina edə bilmərik. Sənayenin elə sahələri var ki, sırf orada dizel mühərrikli avtomobillər çalışmalıdır. Benzinlə çalışan avtomobillərin sayıda həddən artıq çoxdur. Bir gündə bunu qadağan etməməliyik. Mərhələ ilə bu proses həyata keçirilir. Nəticədə ətraf mühitə ziyan verməyən nəqliyyat vasitələri ölkədə öz yerini tutacaq. Ölkəyə idxal edilən elektromobillərin təxminən qiyməti 30 min dollardan başlayır. Azərbaycan avtomobil spesifikasiyasında Avropa seqmentinə aiddir. Tövsiyyə olunur ki, ölkəmizdə istismar olunması üçün Avropa standartlarına uyğun olan elektromobilləri alsınlar”.