Hər il keçirilən Aşura mərasimlərində kiçik yaşlı uşaqların iştirakı məsələsi cəmiyyətdə müzakirələrə səbəb olur. Dövlət qurumları da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz məsləhətlərini verir. Lakin Aşura mərasimlərindən olan foto və video görüntülərdə yenə də valideynlərin uşaqları ilə birlikdə iştirakının şahidi oluruq.
Yeniyetməlik dövrünə çatmayan uşaqlar bir çox hallarda nə baş verdiyini anlamır və mərasimi qorxu və həyəcanla izləyirlər. Əslində isə Aşuranın nə üçün keçirildiyini belə bilmirlər. Uşaqların alt şüurunda bəzən fəsadlara yol açan bu qorxu və həyəcan sonralar onların həyatında özünü göstərməyə başlayır. İsti havada uşaqların kütləvi tədbirlərə aparılması isə sıxlıq səbəbindən təhlükəlidir. Bəs, görəsən uşaqlar Aşura mərasimindən uzaq tutulmalıdırmı? Dinimiz buna nə deyir?
İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a bildirib ki, bu tarixi qanlı hadisə ilə bağlı bütün müsəlmanlara o cümlədən Azərbaycan xalqına baş sağlığı ərz edirəm:
“Şəhidlik zirvəsinə qalxan bütün vətən şəhidlərini anırıq və ailələrinə dərin hüznlə baş sağlığı verir, torpaqlarımızın ərazi bütövlüyü təmin edən bütün qazilərimizə şəfa diləyirəm. Aşura xalqımızın da yaddaşında hüzün kimi həkk olunub və Kərbala şəhidləri başda imam Hüseyn olmaqla (ə) yad olunur. Bu günlərdə ən çox diqqət ediləsi məsələ bu hadisənin mahiyyətini anlamaqdır. Yəni insanlıq, şəhidlik, haq və ədalət naminə maarifləndirmə işləri görmək lazımdır. Həmçinin qan vermə aksiyası da keçiriləcək orada iştirak etmək lazımdır. Digər tərəfdən bu kimi xeyir əməllərə kölgə salan işlər məqsədə uyğun deyil. Lakin xalqımız daim bu hadisəyə görə hüzünlə bərabər sinə vurub, mərsiyələr deyiblər. Bu əsrlər boyu yaddaşlarımızda belə həkk olunub. Zəncir vurmaq, qan tökməyin Aşuranın mahiyyətinə heç bir aidiyyatı yoxdur. Bu mərasimdə körpə uşaqların iştirakı isə, valideynlərin özündən asılı olan bir məsələdir. Bunu hansısa qanunla və yaxud qadağalar tətbiq etməklə mümkün deyil. Mən inanmıram ki, ölkəmizdə aşura günü qan tökmək, zəncir vurmaq kimi hadisələr müşaiyət edilsin. Biz valideylərin öz övladını zor tətbiq etmədən həmən yerlere aparmasının da şahidi olmamışıq. Qədimdən ta bu vaxta qədər bizim böyüklərimiz Aşura günü uşaqların məscidlə və digər yerdə olan təziyyə məclislərində iştirak edə biləcəyini bildiriblər. Bu məsələnin öz özlüyündə heç bir narahatçılığa səbəb olduğunu görməmişəm. Əksinə uşaqların milli mənəvi ruhda böyüməsinə böyük təsir bağışlayır. Həmçinin uşaqların körpə vaxtında yad əqidələrin təsirindən və pis vərdişlərdən qorunması üçün zəmin yaradır. Narahatçılıq doğuran məsələ siz qeyd etdiyiniz kimi, həmin uşağa hansısa mənfi bir təsiri olmasıdır. Bu dində bəyənilməyən iş hesab olunur”.