Narkotikanın təsiri ilə maşın idarə edənlərə ən  ağır cəza verilməlidir

Son aylar narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşib avtoxuliqanlıq edən, qəza şəraiti yaradan sürücülərin sayı artıb. Daxili İşlər Nazirliyinin vaxtaşırı belə sürücülərin saxlanılması ilə bağlı yaydığı məlumatlar da bunu təsdiq edir. 
Bəs, bununla bağlı rəsmi qurumlar və ekspertlər hansı qənaətdədirlər? Zaman keçdikcə daha təhlükəli vəziyyət yaradan bu problemdən çıxış yolunu nədə görürlər?

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, yeni qaydalara görə taksi fəaliyyəti göstərən hər bir nəqliyyat vasitəsi reys qabağı həm texniki baxışdan, həm də sürücüsü tibbi müayinədən keçməlidir:

“Tibbi müayinədən keçən zaman narkotik aludəçisi, ayıq-sayıq və içkili olub-olmadığı həmin zaman ortaya çıxır. Belə olan halda onların hansı vəziyyətdə olduğu bəlli olur”.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli isə bildirib ki, narkotikdən istifadə həm inzibati, həm də cinayət məsuliyyəti yaradır:
 
“Narkotikanın təsiri altında olan sürücülərlə bağlı məhkəmələrə və müvafiq qurumlara müraciət etmək lazımdır. Bilmək lazımdır ki, bu yalnız istifadəçidir yoxsa, narkoticarətçidir. Narkotestlər aparılaraq müalicə mərkəzlərinə yerləşdirilməli və sürücülük hüququndan məhrum etməlidirlər. Düşünürəm ki, sürücülük vəsiqəsi alarkən tibbi müayinələrə narkoloji müayinələrdə daxil edilməlidir”.