Maddi vəziyyət bəhanədir: Hər kəs 3 və 4 uşağı da saxlaya bilər

“Ölkədə üçuşaqlı ailə modelini qəbul etmək lazımdır. Ən ideal olanı budur. İnsanlara bunu təbliğ etmək lazımdır. Lakin bu məsələ təkcə valideynlərdən deyil, həm də ölkənin sosial siyasətindən asılıdır. Bu baxımdan çox təmkinli, savadlı planlar həyata keçirməyə böyük ehtiyac var. Çünki ölkədə çoxuşaqlı ailələrin sayı azalır".
Bunu Bakupost.az -a sosioloq Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, ailələrdə bir və ya iki uşaq olması səbəbindən əhalinin sayı get-gedə azalır:

“Statistika göstərir ki, vəziyyət yaxşı deyil. Mən uzun illərdir deyirəm ki, üçuşaqlı ailə modelini qəbul etmək lazımdır. Ailədə uşaq tək olanda psixoloji cəhətdən arzuolunmayan səviyyədə formalaşır. Səbəb də odur ki, ailədə onun tay-tuşu yoxdur, ən yaxın adamları ata-ana, baba-nənədir. Ailədə iki uşaq olanda evdə münaqişələr yaranır. Üç uşaq olanda isə həm uşaqlar normal böyüyürlər, həm də ölkədə əhali artımı olur. Ölkədə əhali azalmasının, əlbəttə ki, fəsadları var. Çünki bir azdan işçi qüvvəsi də azalacaq. Ona görə çalışmaq lazımdır ki, ölkədə doğru ailə modeli təbliğ olunsun. Bunun üçün sosial məsələlər həll olunmalı, dövlət qayğısı artmalıdır. Uşaq təkcə ailənin, atanın, ananın deyil, həm də dövlətindir. O, həm ölkənin müdafiə qabiliyyətini artırır, həm mütəxəssis kimi yetişir”.


Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, ailələrdə 1 və ya 2 uşağın dünyaya gəlməsi əhali sayında özünü göstərir:

“Son dövrlərin statistikası uşaqların sayı azaldığını göstərir. Bu isə gələcəkdə əhalinin sayının sürətlə aşağı düşməsinin göstəricisidir. Ölkədə 2 və 3 uşaqlı ailələrə keçidin model olaraq tətbiq edilməsi çox vacibdir. İstəyərdim ki, hətta 4 uşaqlı ailələrə keçid olsun. 1941-1945 -ci illərdəki müharibə dövründə də ailələr yaxşı vəziyyət deyildi. Bütün ailələrinin başçıları müharibəyə yollanmışdılar.
 Ancaq həmin ailələrdə 4-5, hətta doqquz və ya on uşaq var idi. Birinci növbədə düşünmək lazımdır ki, ruzini verən Allahdır. Yəni Maddi vəziyyət bəhanədir. Analarda istək olmalıdır. Rahatlıqları, istirahətləri, və kariyeraları üçün 1 yaxud 2 uşaq istəyirlər. Lakin hər kəs 3 və 4 uşağı da saxlaya bilər. Təbii ki, buna bir qədər də əmək madiyyat lazımdır. Artıq uşaqlar da qayğı istəyirlər. Valideynlər uşaqlarına süd verməkdən imtina edirlər:

Ekspert vurğulayıb ki, çoxuşaqlı ailə modelinə keçid gözəl təklifdir: 
“Həyata keçirilməsi vacib olan təkliflərdən biridir. Azərbaycanda demoqrafik məslələrə təsir edəcək məsələdir. Aidiyyatı qurumlar bu məsələ ilə bağlı ciddi şəkildə işləməlidirlər. Məsələnin həlli yolu tapılarsa, ailələrdə 3 və 4 uşağın dünyaya gəlməsi problemə çevrilməz. Eyni zamanda dövlət tərəfindən ailələri həvəsləndirən məslələr də həyata keçirilməlidir. Xarici ölkələrdə üçüncü və dördüncü uşağın dünyaya gətirilməsi üçün ailələrə dövlət tərəfindən müvafiq pul mükafatları verilir. Bu cür tədbirlər tətbiq edilərsə, Azərbaycanda da əhali sayının artımına təsir göstərən iki uşaq amilindən qaçmaq olar. Uşaq pulunun artırılması, müəyyən yaşa qədər hər ay pul vəsaitlərinin verilməsi, sosial təminatların artırılması lazımdır ki, valideynlər könüllü şəkildə 3-cü və 4-cü uşağı dünyaya gətirməyə razılıq versinlər”.