Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası təsdiqlənib.
Sherg.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qaydaya əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri aşağıdakı qaydada müəyyənləşdirilir:
- gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə (vergi ödəyicisi əvvəlki hesabat rübündə tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə (vergi ödəyicisi müraciətinə faktiki fəaliyyət göstəricilərini əks etdirən arayışı müvafiq bəyannamə (gəlir, mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi) formasında tərtib etməklə və sadələşdirilmiş vergi ödəyicisi üzrə vergi ödəyicisinin təqdim etdiyi xərc sənədlərini əlavə etməklə təqdim etməlidir) əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanında olan məlumat mənbələrindən (elektron qaimə-faktura, elektron alış aktı, nəzarət kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və s.) istifadə olunur.
Vergi ödəyicisinin əvvəlki hesabat dövrü üzrə müvafiq olaraq gəlir, mənfəət və (və ya) sadələşdirilmiş vergi bəyannaməsi kameral vergi yoxlamasından keçirilənədək və ya kameral vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət keçənədək, eyni zamanda vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməli olduğu halda, bəyannamələr təqdim edilənədək müraciət etdikdə vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və vergi ödəyicisinə qeyd olunan hallar həll olunduqdan sonra yenidən müraciət etməsi barədə məlumat verilir. Orta aylıq gəlirdən orta aylıq xərclər çıxılaraq, üzərinə müraciət edilmə tarixinə vergi ödəyicisinin xəzinəsində (kassasında), milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı (orta aylıq gəlirlə orta aylıq xərcin müsbət fərqi qədər azaldılmaqla) gəlinməklə vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi borclarının ödənilməsi məqsədləri üçün sərbəst vəsaiti müəyyənləşdirilir. Vergi Məcəlləsinə uyğun olaraq təqdim edilən sənədlər əsasında vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərin çəkilməsi aşkar edilərsə, mütənasib olaraq sərbəst vəsaitin məbləği artırılır. Vergi ödəyicisinin vergi borcu müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq uzadılır. Bu Qaydanın digər müddəalarından asılı olmayaraq, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Azərbaycan Respublikasının avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri və yenidən qurulması layihələri çərçivəsində bu sahədə işləri həyata keçirən publik hüquqi şəxsə, onun tabeliyində olan publik hüquqi şəxslərə, hüquqi şəxs statusuna malik olmayan təşkilatlara (idarələrə), onların təsərrüfat cəmiyyətlərinə, filial və nümayəndəliklərinə ödənilən avanslara görə ƏDV borcu yarandıqda, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir.