Bazarda yoxlama tərəzisi qoyuldu
Azərbaycanda ölçüdə aldadıldığına görə istehlakçı kimə müraciət etməlidir, kim buna nəzarət etməlidir, bilinmir
Türkiyənin Antalya bölgəsində bələdiyyələrə bağlı nəzarətçilər bazarlarda yoxlamalar aparır, çəkidə əskik çəkən satıcıları cərimə edir. Antalyanın Konyaaltı bölgəsində bələdiyyə bazarla bağlı bir sıra yeniliklər tətbiq etməyə başlayıb. Satıcılara müştərini səsləmək, müştərini cəlb etmək üçün yüksək səslə məhsulu tərifləmək qadağan edilib. Bələdiyyə nəzarətçiləri gün ərzində bununla bağlı elan verir, xəbərdarlıq edirlər. Bundan əlavə, bazarda yoxlama tərəzisi qoyulub. Alış-veriş edən vətəndaş aldığı məhsulun doğru-düzgün çəkildiyinə yoxlama tərəzisində təkrar çəkməklə əmin ola bilər. Əgər vətəndaş satıcının çəkidə aldatdığını müəyyən etsə, nzəarətçiyə müraciət edir, nəzarətçi həmin satıcıya yaxınlaşıb tərəzini yoxlayır, uyğunsuzluq bəlli olarsa, satıcı mövcud qanuna uyğun cəzalanır. Əgər satıcının əskik çəkdiyi məlum olarsa, 2 min 50 lirə cərimə təyin edilir. Bu cəza və cərimələr Türkiyədə qüvvədə olan Tərəvəz və Meyvələr yetişdirilən tələb və təklif olan digər malların ticarətinin düzənləməsi haqqında 5957 saylı Qanuna görə tənzimlənir. Satıcılara 5326 saylı Qəbahətlər qanunu çərçivəsində cəza tətbiq edilir. Cəza alan satıcıların 3 həftə bazarda satış həyata keçirməsi yasaqlanır. Bu il ərzində 61 satıcıya cərimə təyin edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az"a açıqlamasında qardaş Türkiyədə tətbiq olunan qadağa və cəzaların bizdə də tətbiqinin vacib olduğunu dedi:
- Bizdə bazarlarda müştərini səsləmək, yüksək səslə məhsulu tərifləmək, alıcı cəlb etmək ənənəsi demək olar sıradan çıxıb. Bizim bazarlarda belə hallara rast gəlinmir. Amma antisanitariya, süni qiymət artımı, çəkidə aldatmaq nə qədər desəniz var. Bizim şəhərdə taksi sürücülərinin və bəzi marşrutlarda sürücü köməkçilərinin sərnişin səsləməsi adəti hələ də qalmaqdadır. “20 yanvar” metrostansiyasının çıxışlarında sürücülərin səsindən qulaq tutulur. Çığırmaq, sərnişin “ovlamaq”, müştəri səsləmək mədəniyyətsizlikdir. Bizdə də bəzi qadağalar var. Məsələn, siqaret kötüyünü yerə atmaq olmaz, siqaretlərin ədədlə satışı qadağandır, amma bu qadağaların pozulmasına kimsə nəzarət etmir. Bazarların daxili də, ətrafı da natəmizlikdir. Buna görə də kimsə cərimələnmir. Yoxlama tərəzilərinin qoyulması isə vacibdir. Çünki satıcılar çəkidə çox zaman aldadır alıcıları. Bazarlar istehlakçının ən çox aldadıldığı yerlərdir.
E.Hüseynov qeyd etdi ki, bazarların bələdiyyələrin balansına verilməsinin tərəfdarıdır:
- Bazarlara bələdiyyələr nəzarət etməli, bazarlar bələdiyyələrin balansına keçirilməlidir ki, onlar cavabdehlik daşısınlar. Türkiyədə bələdiyyələrin öz ərazisində olan və istehlakçıların 2 min dollar həcmində olan problemlərini həll etmək hüququ var. Bizdə icra hakimiyyətlərinin buna bənzər səlahiyyəti var, amma onun işlədiyini, kiminsə hüququnu müdafiə etdiklərini bir dəfə də olsun görməmişik. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bazarlarda müstəqil ölçü tərəziləri olmalıdır. Lakin ölçüdə aldadıldığına görə istehlakçı kimə müraciət etməlidir, kim buna nəzarət etməlidir, bu, bilinmir. İstehlakçının aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur, lakin hansı formada, hansı ölçüdə məlumatsızam.