Aldıqları təqaüdləri niyə kirayə haqqına, yola sərf etməlidirlər?
“Yataqxanalar var, sadəcə, yenidən qurulmalıdır. Torpaq, ərazi məsələsi də artıq çoxdan həll olunub”
“Bütün universitetlərin özünün torpaq sahəsi, yataqxana tikilmək üçün əraziləri var. Bu işi görmək o qədər də böyük maliyyə tələb etmir”
"Elmlər Akademiyası" ərazisini tələbə şəhərciyi hesab etmək olar. Yaxınlıqda kampus təşkil olunsa, zatən bir çox universtitetin yataqxana əraziləri var, köhnələri söküb, yığma konstruksiyalı, daha çox tələbənin yerləşəcəyi və dövrün tələbinə cavab verən şəkildə yataqxanalar tikilsə, tələbələri həm kirayə yükündən, həm də nəqliyyat xərcindən azad edər”. Belə bir təkliflə yol-nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev çıxış edib.
Həqiqətən də, hazırda tələbələrin ən böyük problemi yataqxana və nəqliyyat xərcləridir. Tələbələrin təqaüdünün ortalama 130-180 manat arası (Prezident təqaüdü 300 manatdır – M.R.) olduğunu nəzərə alsaq, tələbənin təqaüdü nəinki kirayə haqqı ödəməyə, heç nəqliyyat xərclərinə çatmır. Vaxtilə yataqxanalar bu problemi əsaslı şəkildə həll edirdi. Yataqxanalar ali təhsil müəssisələrinə yaxın, hətta eyni ərazidə yerləşirdi, əksər tələbələr dərsə getmək üçün avtobus və ya metrodan istifadə etməli olmurdu, bu isə onları həm kirayə haqqı ödəməkdən, həm də nəqliyyat xərcindən azad edirdi. Düzdür, yataqxanalar dövründə də mənzil kirayələnlər vardı, yataqxanada yer çatışmazlığı səbəbindən, yaxud da, sadəcə buna maddi imkanları yetdiyi üçün. Amma hamımıza məlum səbəblərdən yataqxanalar öz birbaşa funksiyasını dəyişdilər, tələbələr də kirayə mənzillərdən mini-yataqxana tipinə keçdi; bir neçə tələbə bir mənzil kirayələməklə kirayə haqqını bölüşdürmüş oldular. Bu gün də 2-3 tələbənin bir mənzil kirayələməsinə çox rast gəlinir. Mənzil kirayələyib kirayə haqqı yükünü paylaşdıra bilirlər. Amma nəqliyyat xərclərində bunu edə bilmək gülünc səslənərdi. Zatən, mümkünsüzdür. Yataqxanalarınsa yenidən tələbələrin istifadəsinə verilməsi isə hazırda çox asan başa gələcək bir işdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə “Böyük Qayıdış” Dövlət Proqramının qəbul olunmasını şərtləndirdi. Və işğaldan azad edilmiş ərazilərdə hazırda cənab Prezidentin göstərişləri və birbaşa nəzarəti və diqqəti altında nəhəng tikinti-quruculuq işləri gedir, 30 il əvvəl paytaxtın tələbə yataqxanalarına sığınmış məcburi köçkünlər doğma yurdlarına qayıdır artıq. Paytaxtda neçə-neçə yataqxana boşaldılıb, lakin əvvəlki funksiyasına qaytarılmayıb. Onlardan niyə istifadə olunmur, niyə yenilənmir, niyə sökülmürlər, bilinmir. Yataqxanaların əvvəlki profilə qaytarılması prosesi çox ləng gedir. Tələbələrin həyatı isə ağır keçir.
Məhz bu problemin həlli yollarını ekspert Rauf Ağamirzəyev göstərib:
- Bu günlərdə xanım tələbənin müsahibəsini izlədim. Ondan təsirlənərək tələbə yataqxanaları mövzusuna toxundum. Bu, ciddi məsələdir. Bəzən problemin həlli üçün birbaşa deyil, dolayı həll yolları göstərirlər. Halbuki hər bir problemin özünəməxsus həlli yolu vardır. Regionların inkişafı olmalıdır, bu, birmənalıdır, regional ali təhsil müəssisələri inkişaf etməlidir, bu da birmənalıdır. Yeni universitetlərin regionlarda açılmasını dəstəkləyirəm, amma Bakını tələbələrsiz təsəvvür etmirəm. Və bu fikri ziyanlı hesab edirəm. Tələbələr və gənclər şəhərin ən aktiv, dinamik təbəqəsidir. Tələbələr üçün şərait yaradılmalıdır. Qeyd etdiyim məqam mümkün variantdır. Vaxtilə məlum səbəblərdən yataqxanalarda məskunlaşmış məcburi köçkünlər doğma yurdlarına qayıdırsa, həmin köhnə yataqxanaları söküb, yığma konstruksiyalı, daha trez başa gələn müasir, daha çox tələbənin yerləşdirilə biləcəyi yeni yataqxana binaları tikilsə. Daha çox tələbə üçün şərait yaratmaq olar. Mənə təsir etdi o tələbə xanımın söylədikləri. Həm işləyirlər, həm təhsil alırlar, kirayə haqqı ödəyirlər, nəqliyyat xərcləri ödəyirlər. Bakalavr səviyyəsində təhsil alanların çoxu işləyə bilmir, başqa qazancları olmur. Tələbələrin xərcləri optimallaşdırılmalıdır. Gediş haqqında güzəştlər, tələbə kartlarının verilməsi məsələsi daim gündəmə gəlir, bununla bağlı daşıyıcı şirkətlərə müraciətlər olub. Yataqxana problemi isə həllini tapmır. Yataqxanalar var, sadəcə, yenidən qurulmalıdır. Torpaq, ərazi məsələsi də artıq çoxdan həll olunub. Bütün universitetlərin özünün torpaq sahəsi, yataqxana tikilmək üçün əraziləri var. Bu işi görmək o qədər də böyük maliyyə tələb etmir. Orta səviyyəli smeta layihələri tərtib edib yataqxanaları yenidən qurmaq mümkündür. Bununla tələbələrin yükünü əməlli-başlı azaltmış olacaqlar. Kirayə evlərin qiyməti gündən-günə artır. Tələbə aldığı təqaüdü niyə kirayə haqqı ödəməyə sərf etsin? Yataqxanalar ali məktəbə yaxın məsafədə olduğu üçün tələbələr nəqliyyatdan istifadə etməyəcəklər. Velosipedlə də dərsə gedib-gələ bilərlər. Bu, ictimai nəqliyyatda da yükü azaldacaq. Mərkəzdən kənarda yeni kampusların tikintisi üçün əvvəla baza formalaşmalıdır. Bir halda ki, deyək, Yasamal ərazisində baza strukturu var, kommunikasiya kimi təməl məsələlər həllini tapıb, ilkin variantda bunu etsinlər, yəni köhnə yataqxanalar yenilənsin, sonra gələcəkdə ehtiyac yarandıqca başqa ərazilərdə, boş torpaq sahələrində də kampuslar inşa edilər.