Valideynlər prestijli məktəb axtarır, uşaqların yolunu uzadır
Son nəticədə bu vəziyyət şagirdlərin fiziki və zehni cəhətdən yorulmasına gətirib çıxarır
Paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından o başına uşaqların daşınması geniş yayılıb.
İctimaiyyət nümayəndələri isə hesab edir ki, təhsil qurumları elə etməlidirlər ki, ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında belə ciddi fərqlər olmasın, hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olsun, tədris prosesi təşkil olunsun ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun. Bundan sonra valideynlərlə maarifləndirmə işi də lazımdır ki, uşağınızı çox uzağa aparmağın əhəmiyyəti yoxdur, nə özünüzə, nə də uşağa əziyyət verməyin. Ümumiyyətlə, elə edilməlidir ki, özəl və xüsusi təmayüllü məktəblər istisna olmaqla qalan bütün təhsil ocaqlarında normal tədris, kommunal şərait olsun ki, valideyn uzaqda məktəb axtarmasın. Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsın.
Sosial media hesabında sözügedən mövzuya toxunan jurnalist Nərgiz Liftiyeva qeyd edib ki, yollarda tıxacların artmasının səbəblərindən biri də odur ki, artıq valideynlər yaşadıqları civardakı məktəbi bəyənmirlər: “Hamı şəhərin ən yaxşı yerində oxutdurmaq istəyir uşağını. Bəli, bu, böyük zəhmət və böyük fədakarlıqdır. Daha yaxşı təhsil hamının arzusudur, amma bu hal uşaqların sağlamlığına ziyan vurur. Böyüklərin belə orqanizmi yollara dözmür, balaca uşaqları saatlar öncə oyadıb yollara düşmək, yuxusunun, yeməyinin vaxtını itirmək, məcbur qalıb fast-foodla qidalanmaq, tıxacların zəhərli hisi-tüstüsü... Hələ aralarında ibtidailər də var. Axı o dərslər bütün kitablarda eynidir, zəifdirsə, uzağı bir müəllim yanına qoy, biliklərini möhkəmləndirsin. Sağlamlıq gedəndən sonra oxumağın nə mənası olacaq? Onsuz da oxuyan və intizamlı uşaq hər yerdə o uğuru qazanır. Necə ki, ən yüksək bal yığanlar arasında rayonlarda heç tanınmayan məktəblərin uşaqları olur. Ən yaxşısı yollarda itən həmin zamanı evdə uşaqla məşğul olmağa ayırmaqdır”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə “Sherg.az”a açıqlamasında deyib ki, şagirdin oxuduğu məktəb ərazi inzibati vahidinə görə 2 şərtə cavab verməlidir. Ya valideynlərinin qeydiyyatda olduğu ünvana, ya da çalışdığı müəssisəyə yaxın olmalıdır:
“Yeni qəbul olunan qaydalara əsasən ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu valideyni qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan, işləyən, yaxud da elə həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin təhsil müəssisəsində oxuyan uşaqların üstünlük hüquqları təmin olunur. Əvvəllər beləydi ki, Bakının hər hansı bir rayonunda qeydiyyatda olan valideyn öz övladını paytaxtın istənilən nöqtəsində yerləşən orta ümumtəhsil məktəblərində oxutdura bilirdi. Bu isə məktəblərdə həddindən artıq sıxlıq və xaotik duruma səbəb olurdu. Ona görə də qanunvericiliyə yuxarıda qeyd etdiyim düzəliş əlavə edilib. Sizi əmin edirəm ki, son illər şagirdlərin məktəbə qəbul prosesində bu qaydalara ciddi əməl edilir. Əks halda vəziyyət indikindən daha xaotik səviyyədə olardı.
Suraxanı, Sabunçu kimi ərazilərdə yerləşən məktəblərin bir çoxunda sırf bu qaydaların tətbiqindən sonra şagird sayı 2-3 dəfə azalıb. Əvvəllər hər məktəbdə 5 on birinci sinif olurdusa, indi hər məktəbdə ən çox 3 on birinci sinif var. Bu da məktəblərdə şagird sıxlığının azalması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir”.
Ekspertin sözlərinə görə, qeyd edilən problem təhsil sahəsində aparılan lazımsız piar və manipulyasiyanın nəticəsidir:
“Hansı bir məktəblə bağlı ictimaiyyətdə ümumi bir fikir formalaşdırılır ki, filan məktəbin təhsil göstəriciləri yüksəkdir, yaxud da əksinə, zəifdir, təsir altına düşən valideyn də nə yolla olursa-olsun, övladının cəmiyyətdə “yaxşı məktəb” kimi adı hallanan məktəbdə oxumasına nail olmaq istəyir. Valideynlərin bu addımı isə son nəticədə şagirdlərin fiziki və zehni cəhətdən yorulmasına gətirib çıxarır”.
E.Nuri deyib ki, nisbətən kənarlarda artıq bu problem həll olunsa da, şəhərin prestijli məktəblərində hələ də şagird sıxlığı yaşanır. Lakin ekspert hesab edir ki, sinifdə şagird sayının çox olması tədrisin keyfiyyətinə təsir göstərən amilə çevrilməməlidir:
“Bunun səbəbi Elm və Təhsil Nazirliyi yox, urbanizasiyadır. Bu, daha çox sosioloji məsələdir. Əhali sayı çox olan şəhərlərdəki məktəblərdə şagird sayı da çox olacaq. Bunu isə tədris prosesi üçün ciddi problem hesab etmirəm. Söhbət pedaqoji işin və tədris prosesinin təşkili qaydalarında müəyyən yeniliklər etməkdən gedir. Təhsildə müasir yanaşmalarda sinifdə çox şagirdin olması dərsin keyfiyyətinə maneə kimi göstərilmir”.