Son zamanlar kolleclərə yüksək vəzifələrə təyinatlar zamanı qadınlara üstünlük verilməsi müsbət haldır
Tələbə qızlar qadın direktor müavinləri ilə daha yaxşı ünsiyyət yarada bilir, problemlərini deyə bilirlər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, kolleclərə yeni təyinatlar olub. Agentliyin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Qeyd edilir ki, Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavr təhsili alıb. N.Hətəmova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramını müvəffəqiyyətlə başa vuraraq “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. O, 2013-2022-ci illərdə müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb. Nigar Səfxanova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ADA” Universitetində “Təhsilin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alır. N.Səfxanova 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.
Qadınların təhsil sektorunda vəzifəyə gətirilməsi idarəetmədə hansı müsbət keyfiyyətlər yarada bilər?
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, təhsil sistemində son illərdə aparılan islahatlar təhsilin keyfiyyətinin artırılmasına, neqativ söz-söhbətlərin azalmasına kömək edib:
- Bunlarla yanaşı təyinatlar edilərkən kadrların düzgün seçilməsi əsas şərtlərdən biridir. Kadrlar seçilərkən MİQ və dövlət qulluğuna qəbul imtahanlarında yüksək nəticə göstərmiş şəxslər, namizədlərin çalışdıqları müddətdə göstəriciləri, müasir təhsil sisteminə bələd olmaları, hansı təhsil müəssisəsində çalışmış olmaları, təcrübələri diqqətə alınır. Hesab edirəm ki, son zamanlar kolleclərə yüksək vəzifələrə təyinatlar zamanı qadınlara üstünlük verilməsi, xanım direktor və direktor müavinlərinin təyinatı müsbət haldır. Çünki kolleclər uzun müddət müəyyən qədər diqqətdən, nəzarətdən kənarda qalmışdı. Ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərən kolleclər var, mərkəzləşmiş qaydada, birbaşa mərkəzi struktura tabe olanlar da var. Bütün hallarda müasir idarəetməni bilən kadrların təyinatı sevindiricidir. Başqa amil budur ki, kolleclərdə təhsil alanlar arasında gənc qızlar çoxluq təşkil edir. Bu hal diqqətə alınmaqla direktor müavininin qadın olması, tələbə qızlara müxtəlif məsələlərdə bələdçilik etməsi, problemlərin həllinə kömək olar. Tələbə qızlar qadın direktor müavinləri daha yaxşı ünsiyyət yarada bilir, problemlərini deyə bilirlər. Həm də eyni şəxsin uzun müddət eyni vəzifədə qalması xoşagəlməz hallara rəvac verə biləcək amildir. Ona görə də zaman-zaman kadr dəyişikliyi faydalıdır.