Sürüşmənin əsas 2 səbəbi var. Biri ərazinin relyefinin meyilliliyidir, ikincisi sudur
“Yağıntılar intensiv olduqda, yağıntının miqdarı həddindən artıq çox olduqda torpaq sürüşməsi labüdləşir, təhlükə yaranır”
Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Bu barədə Trend-ə Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev açıqlama verib. Mütəxəssis qeyd edib ki, intensiv yağıntılar lokal aktivləşmələrə və bəzi yerlərdə sürüşmə hadisəsinin baş verməsinə ehtimallar yaradıb: “Yağıntılar nəticəsində respublikanın bir sıra ərazilərinin avtomobil yollarında, xüsusilə Bakı-Şamaxı, Şamaxı-Pirqulu və Şamaxı-İsmayıllı avtomobil yollarının keçdiyi yerlərdəki mövcud sürüşmə sahələrində aktivləşmənin baş verməsi ehtimalı yüksəkdir. Bu səbəbdən həmin istiqamətlərdəki yollardan keçərkən ehtiyatlı olmağı, əgər alternativ varsa, digər yollardan istifadəni tövsiyə edirik”.
Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru Rövşən Abbasov isə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, sürüşməyə qarşı əsaslı, köklü tədbirlər görülməlidir:
- Sürüşmənin əsas 2 səbəbi var. Biri ərazinin relyefinin meyilliliyidir, ikincisi sudur. Yağıntılar intensiv olduqda, yağıntının miqdarı həddindən artıq çox olduqda torpaq sürüşməsi labüdləşir, təhlükə yaranır. Söhbət yol infrastrukturundan gedirsə, mütəmadi monitorinqlər aparılmalı, təhlükəli ərazilər müəyyənləşməli və lazımi tədbirlər görülməlidir. Möhkəmləndirmə işləri aparılmalıdır ki, yollarda təhlükə minimuma ensin. Sürüşmə təhlükəsi paytaxtda da var. Bayıl, Badamdar, Bibiheybət yolu, Əhmədli yaylası, Zığ qəsəbəsi sürüşməyə meyilli zonalardır. Bu ərazilərin relyefi mayilidir. Yağıntılardan savayı əraziyə axan və axıdılan sular da əlavə olunanda torpaq sürüşməsi üçün münbit şərait yaranır. Ərazilərin geoloji quruluşu da buna şərait yaradır. Elə yerlər var ki, orada süxurlar - laylararası bağlantı, əlaqə qüvvəsi şox zəifdir. Su da torpağı yuyub aparır. Sürüşmə təhlükəsi yaranır. Son illər müəyyən bərkitmə işləri aparıldı, torpağa svaylar vuruldu, ağaclar əkildi. Bəzi ərazilərdə sakinlər də köçürüldü. Amma proses tam başa çatmayıb. Hesab edirəm ki, sürüşmə zonalarına daim ciddi diqqət ayrılmalıdır, daimi nəzarət olmalı və monitorinqlərin aparılması dayanmamalıdır. Ən kiçik sürüşmə ehtimalı yaranıbsa, sakinlər həmin ərazilərdən köçürülməlidir. Uçqun baş versə, fəlakətin önünü almaq mümkün olmaz. Sürüşmə ehtimalı olan ərazilərdə, ümumiyyətlə, məskunlaşmaya icazə verilməməlidir. Təhlükəli ərazilərdən sakinlər təcili köçürülməlidir. Məskunlaşma qrunt sularının toplaşmasını, kanalizasiya sularının da torpağa çox axıdılmasını şərtləndirir, nəticədə laylar yuyulmaya məruz qalır, torpaq boşalır və sürüşür. Bunlar diqqətə alınaraq sakinlər təhlükəli zonalardan köçürülməli, ərazidə bərkitmə işləri aparılmalı, daha dərinə nüfuz edən svaylar vurulmalıdır. Bərkitmə işləri zamanı şəbəkəli beton (“setoçnıy” beton) üsulundan istifadə edilməklə armatur quraşdırılmaqla aparılmalıdır. Torpağı möhkəmləndirmək lazımdır. Ərazidə susuzluğa davamlı ağaclar əkilməlidir. Sürüşmə zonalarında ağaclar əkilir, lakin suvarılır deyə, torpaq yenə suvarılmış olur və yumşalır. Suvarma səbəbindən sürüşmə yenə aktivləşir. Sürüşmə təhlükəsi olan yollarda avtomobillərin, xüsusilə də ağırtonnajlı maşınların hərəkəti dayandırılmalı, onlara alternativ yollar təklif edilməlidir.