Repetitorluq məktəbin əsas funksiyasını zəiflədir

Məktəb dərslikləri və tədris proqramları şagirdlərin universitetlərə hazırlaşması üçün yetərli olsaydı, bu qədər test topluları olmazdı

  Bu gün təhsil sistemimizdə repetitorların fəaliyyəti əvəzedilməz hala gəlib. Abituriyentlər və onların valideynləri üçün məktəbdə keçirilən dərslər təkbaşına kifayət etmir, nəticədə əlavə hazırlıq dərslərinə və repetitorlara müraciət etmək məcburiyyətində qalırlar.
  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov “Sherg.az"a açıqlamasında deyib ki, bu vəziyyət təhsilin keyfiyyətində ciddi boşluqların olduğunu göstərir. Onun sözlərinə görə, məktəb dərslikləri və tədris proqramları şagirdlərin universitetlərə hazırlaşması üçün yetərli olsaydı, bu qədər test topluları, əlavə dərs vəsaitləri və müxtəlif hazırlıq kitabları da çap olunmazdı:

 “Hər il minlərlə test toplusu və dərs vəsaiti abituriyentlərə ünvanlanaraq bazara çıxır. Bu, məktəb dərsliklərinin onların ehtiyaclarını qarşılamadığını və əlavə resurslara ehtiyac duyulduğunu bir daha sübut edir. Əsas məsələ odur ki, məktəb tədrisi şagirdlərə lazım olan biliyi verməli, onları təkcə imtahanlara deyil, həm də həyat üçün hazırlamalıdır. Amma mövcud vəziyyətdə abituriyentlər məktəbdə keçirilən dərslərlə kifayətlənə bilmirlər, nəticədə repetitorlara üz tutaraq əlavə vaxt və vəsait sərf edirlər.
  Məktəb dərsliklərinin bu tələblərə cavab verə bilməməsi təhsil sistemində ciddi problemlərə işarə edir. Təhsil ocaqları, şagirdləri yüksək keyfiyyətli tədris ilə təmin edərək, onların universitetlərə qəbul imtahanlarına hazırlaşmasına kömək etməlidir. Lakin bu gün cəmiyyətimizdə məktəb tədrisi ilə repetitor hazırlığı arasında ciddi uçurum yaranıb. Repetitorlar isə bu boşluğu doldurur, amma bu da valideynlər üçün əlavə maddi yükə çevrilir.
  Məqsəd, təhsil sistemimizi elə bir səviyyəyə gətirməkdir ki, şagirdlər məktəb dərslikləri və dərsləri ilə kifayətlənə bilsinlər. Bu, həm valideynlərə maddi yükün azalması, həm də şagirdlərin məktəb təhsilinə daha çox önəm verməsi üçün vacibdir. Əks təqdirdə, təhsilin repetitorlardan asılı qalması məktəbin əsas funksiyasını zəiflədir və təhsilin bütünlüklə kommersiya məqsədli bir sistemə çevrilməsinə gətirib çıxarır”.