Bakını yüksək səsli mahnı, musiqi, siqnal səsləri bürüyüb
Bu kimi hərəkətlər ətrafdakı hərəkət iştirakçılarının, eləcə də sakinlərin arasında haqlı narazılığa səbəb olur
Xalq şairi, mərhum Nəbi Xəzrinin oğlu Arzu Babayev ictimaiyyəti narahat edən problemə toxunub. A.Babayev sosial şəbəkə üzərindən paylaşdığı statusda avtomobillərdən bəzən ətrafa yüksək səslə musiqi yayılmasına etiraz edib və bunun vətəndaşları narahat etdiyini bildirib: “Bayaq mən maşınımla Dram Teatrından üzü yuxarı, Nərimanov prospektinə doğru gedirdim. Birdən gördüm qulaqlarım həddindən çox bas səsindən tutulmağa başladı, ürəyim sıxıldı, özümü pis hiss etdim, qulaqlarımı əlimlə tıxamaq istədim, tez düşündüm ki, bəs sükanı kim tutacaq? Hansısa maşında kəskin basın müşayiəti ilə musiqiyə qulaq asılırdı, o musiqiyə qulaq asan insana bilmədim yazığım gəlsin, bilmədim dalınca söyüm. Evdə də oturanda gündə azı 3-4 dəfə evin divarları, pəncərələri titrəyir bəzi maşınlardakı quraşdırılan əlavə bas kolonkaların səsindən. Eviniz tikilsin, musiqiyə qulaq asarlar zövq almaqçün, camaatın beynini xarab etməkçün yox. Yol Polisi bilmirəm belələrini niyə cəzalandırmır. Avropa dövlətlərində bir dəfə də yolda polis görməzsən, çünki orada yol mədəniyyəti çoxdan formalaşıb. Bizdə isə düşünürəm ki, Dövlət Yol Polisinin yol patrul xidməti maşınlarının sayını artırmaq lazımdır, ta ki yol mədəniyyəti bizə gəlincə.
Qeyd edək ki, xalq şairinin oğlunun toxunduğu məsələ həqiqətən də insanları, hərəkət iştirakçısı olan piyadaları da narazı salır. Belə hallara ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə daha çox rast gəlinir. Avtomobillərini ali məktəb binası önündə parklayanlar (tələbə də ola bilər, başqası da - M.R.) gah avtomobilnin ön qapısını açıq qoyub yüksək səslə mahnı, musiqi səsləndirir, gah da avtomobil hərəkətdə ikən musiqinin səsini qaldırır, səs ətrafda əks-səda verir. Ümumiyyətlə, paytaxt yollarındakı hərəkət iştirakçıları arasında səbəbsiz yerə, zəruri ehtiyac olmadan səs siqnallarından istifadə edənlər, avtomobillə hərəkət zamanı yüksək səslə musiqi dinləyən sürücülər, təəssüf ki, var. Belə hallarla rastlaşdıqda vətəndaşların sürücüyə irad bildirmək hüququ varmı və bu cür hərəkətlərə yol verənlər cəzalanırmı?
Məsələ ilə bağlı “Sherg.az"ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli qeyd etdi ki, bu cür hərəkətlərin qarşısı qanunvericiliyin tələblərinə uyğun şəkildə alınır:
- Bəzi sürücülər, xüsusən, yaşayış zonalarında lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər ki, bu da ətrafdakı hərəkət iştirakçılarının, eləcə də sakinlərin arasında haqlı narazılığa səbəb olur. Unutmaq olmaz ki, bu, qanunaziddir, eyni zamanda inzibati məsuliyyət yaradır. Mövcud qanunvericiliyə əsasən, səs siqnallarından 2 halda istifadə etmək olar: yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə, digər halda isə yaşayış yerindən kənarda ötmə əməliyyatını həyata keçirərkən icazə verilir. Bununla yanaşı, bəzi sürücülər avtomobillərinə əlavə avadanlıqlar quraşdırırlar ki, əməkdaşlarımız tərəfindən belə hallar aşkar edildikdə həmin sürücülər barədə qanunamüvafiq tədbirlər həyata keçirilir. Hərəkət iştirakçılarının hər biri qanunlara ciddi riayət etməli, ətrafdakı insanların, digər hərəkət iştirakçılarının narahatlığına səbəb olmamalıdırlar.