Mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir
Azərbaycanda özəl pensiya fondlarının yaradılmasına başlanılacaq. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Məlumatda bildirilib ki, özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.
Vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70 faiz civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əməkhaqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.
Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3 faizi civarına çatdırılması ilə bağlı hədəfinə uyğundur.
Özəl pensiya fondlarının yaradılmasının vətəndaşlar üçün əhəmiyyətinə toxunan Milli Məclisin deputatı Vüqar Bayramov “Sherg.az"a bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər:
“Pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və başqa ölkələrdə belə fondlar fəaliyyət göstərir.
Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn, 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".
Deputatın sözlərinə görə, bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:
"Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".