Adam bilmir, ağlasın, ya gülsün: 5-ci sinif şagirdini belə bir məsələdə alətə çevirmək biabırçılıqdır

“Belə-belə videolarla müəllimlərin, məktəblərin evini yıxmışıq. İndi heç bir uşaq məktəbə təhsil, təlim müəssisəsi kimi baxmır. Sadəcə, vaxt keçirməyə, dostları ilə əylənməyə gedirlər məktəbə...”


Son illərdə cəmiyyətdə mənfi bir tendensiya müşahidə olunur. Böyüklərin məsuliyyətsizliyinin, şəxsi maraqlarının və ictimai təzyiq yaratmaq istəklərinin yükü getdikcə daha çox uşaqların çiyinlərinə yüklənir. Ən həssas, ən müdafiəsiz yaşda olan azyaşlılar sosial problemlərin, narazılıqların və ictimai qınağın mərkəzinə çəkilir, bəzən də məqsədli şəkildə “səs gətirən” vasitəyə çevrilirlər. Bu, təkcə mənəvi deyil, həm də etik və hüquqi baxımdan təhlükəli prosesdir.
Uşaqları kamera qarşısına çıxarıb böyüklərin fikirlərini onların dilindən səsləndirmək, onlara əzbərlədilmiş müraciətlər etdirmək, sosial şəbəkələrdə “effekt yaratmaq” üçün vasitəyə çevirmək kimi hallar açıq şəkildə uşağın istismarıdır. Bu cür davranış nə valideyn qayğısı, nə də ictimai fəallıq nümunəsidir, əksinə, uşağın psixoloji rahatlığına, sosial münasibətlərinə və gələcəkdə özünə münasibətinə ciddi zərbə vurur.
Cəmiyyət bəzən “məsələyə diqqət çəkirik” adı altında uşaqları önə itələyir, lakin unudur ki, hər bir ictimai çağırışın arxasında formalaşmaqda olan bir uşaq şəxsiyyəti dayanır. O uşaq sabah məktəbdə dostsuz qalır, müəllimləri tərəfindən tərəddüdlə qarşılanır, ya da “böyüklərin dediyini deyən” biri kimi damğalanır. Beləcə, böyüklərin qısamüddətli maraqları bir uşağın uzunmüddətli taleyini müəyyən edir.
Mütəxəssislər də haqlı olaraq xəbərdarlıq edirlər ki, uşaq müdafiəsinin mahiyyəti onun adından danışmaqda deyil, onu bu cür manipulyasiyalardan qorumaqdadır. Hər hansı sosial və ya inzibati problemin həlli üçün uşaqdan vasitə kimi istifadə etmək, onu emosional təzyiq alətinə çevirmək, əslində, həmin uşağın gələcəyinə edilən ən böyük haqsızlıqdır.
Xatırladaq ki, bir müddət əvvəl Ucar rayonunda 5-ci sinif şagirdinin məktəbə qəbul edilməməsi ilə bağlı yayılan video ölkə ictimaiyyətində geniş rezonans doğurmuşdu. Yeni dərs ilində təhsildən kənarda qaldığını bildirən azyaşlı, videomüraciətində məktəb direktorunu rüşvət və korrupsiya hallarında ittiham etmişdi. Uşaq əvvəlcə kənd məktəbində oxuduğunu, lakin artıq rayon mərkəzinə köçdüyü üçün Cümhuriyyət məktəbində təhsilini davam etdirmək istədiyini, buna baxmayaraq, direktorun “sistem bağlanıb” kimi bəhanələrlə onu məktəbə qəbul etmədiyini demişdi.
Hadisə ictimai qınağa səbəb olsa da, məsələ təkcə bir şagirdin təhsil hüququ ilə bağlı deyil, uşağın bu formada ictimai müstəviyə çıxarılması da ciddi narahatlıq doğurdu. Sosial şəbəkələrdə və ekspert dairələrində səslənən fikirlərdə bildirilib ki, azyaşlıları bu cür müraciətlərə alət etmək yolverilməzdir.
Sosioloqların fikrincə, bir uşağa böyüklərin sözlərini əzbərlədib, onu kamera qarşısında “şikayətçi” obrazında təqdim etmək həm mənəvi, həm də hüquqi baxımdan qəbuledilməzdir. Bu, nəinki uşaq psixologiyasına, həm də müəllim–şagird münasibətlərinə zərbə vurur. Belə hallarda uşaq təcrid olunur, məktəb mühitində onunla davranış dəyişir, nəticədə gələcək inkişafına ciddi zərər dəyə bilər. Bu hadisə bir daha göstərdi ki, təhsil problemləri və idarəetmədəki çatışmazlıqlarla bağlı narazılıqları uşaq vasitəsilə gündəmə gətirmək yox, hüquqi və etik çərçivədə, yetkin şəxslərin məsuliyyəti ilə həll etmək lazımdır.

Sosioloq Mətanət Məmmədova mövzuyla bağlı Sherg.az-a açıqlamasında deyib ki, son günlər cəmiyyətimizdə baş verən hadisələr insanın həm ürəyini sıxır, həm də ağlamaq istəyini oyadır:
 “Qeyd etdiyiniz video isə yalnız ağlamaq deyil, həm də ikrah və acı gülüş yaradır. 5-ci sinif şagirdini belə bir məsələdə alətə çevirmək biabırçılıqdır. Videoda da açıq-aydın görünür ki, uşaq hazır mətn oxuyur. Məsələnin mahiyyətini anlamadan,  uşağın danışığına haqq qazandıranlar, “fikrini nə gözəl ifadə edir” kimi rəy yazanlar var. Halbuki uşağın üzündən oxuduğu elə ilk andaca hiss olunur. Əvvəlcədən əzbərlədiblər və yazılı mətni də qarşısına qoyublar. Əgər valideyn uşağını başqa məktəbə keçirmək istəyirsə, bunun üçün elektron sistemdə qeydiyyatdan keçməlidir, yaxud da məktəb direktoru ilə danışıb – anlaşa da bilər. Lakin bu, valideynlə direktor arasında olan bir məsələdir. Uşağın bu prosesin içərisində olması düzgün deyil. 5-ci sinif uşağını nəinki belə bir oyuna alət etmək, ümumiyyətlə, onun yanında rüşvət, korrupsiya sözlərini işlətmək düzgün deyil. Bu video valideyn adına utancverici haldır. Uşağı istismar etdiyinə və onu cəmiyyət içərisində gözükölgəli etdiyinə görə valideynlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Heç bir valideynin ixtiyarı yoxdur ki, 10 yaşlı uşağa biabırçı mətn əzbərlətdirib paylaşsın. Uşağı məktəbə yerləşdirə bilmirsənsə, direktordan yuxarı instansiyalara şikayət et. Təhsil Nazirliyinə müraciət et, ölkə başçısına müraciət et, lakin özün et. Uşağı niyə biabır edirsən?! 
Hələ bir araşdırmaq lazımdır ki, doğrudanmı məktəb direktoru maddi məqsədlər güddüyü üçün həmin uşağın məktəbə yerləşdirilməsinə mane olub. Bəlkə, elə bu video məqsədli şəkildə paylaşılıb. Deyək ki, məsələ ictimailəşəndən sonra direktor həmin uşağı məktəbə qəbul elədi. Bəs bu boyda biabırçılıqdan sonra həmin uşaq o məktəbdə necə oxuyacaq. Müəllimlərin, sinif yoldaşlarının, valideynlərin ona münasibəti necə olacaq, bu uşağa nə gözlə baxacaqlar?!”.

Sosioloq qeyd edib ki, hərə əlinə bir telefon alır, müəllimlərin, direktorların səsini yazır paylaşır: 
“Kimisi özü çıxır sosial şəbəkələrə car çəkir, kimisi də uşaqlarını alət edir. Məktəblə valideyn arasında anlaşılmazlıq varsa, bunu danışaraq həll etmək lazımdır. Əgər problem həll olunmursa, müvafiq qurumlara müraciət etmək lazımdır. Belə-belə videolarla müəllimlərin, məktəblərin evini yıxmışıq. İndi heç bir uşaq məktəbə təhsil, təlim müəssisəsi kimi baxmır. Sadəcə vaxt keçirməyə, dostları ilə əylənməyə gedirlər məktəbə. Bunun səbəbi isə məhz məktəbi, müəllimləri aşağılayan, övladlarına məktəbi korrupsiya yuvası kimi tanıdan valideynlərdir”.