Fədayə Laçının bacısı: "Aləm dəyib, bir-birinə, şokdayıq"

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzası 2 ilə endirilib. Belə çıxır ki, müğənni təxminən bir ay sonra azadlığa çıxacaq.

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı müğənninin bacısı İlahə Fəda ilə əlaqə saxlayıb.

O, məhkəmənin qərarından şoka düşdüyünü deyib: “Aləm dəyib, bir-birinə. Məhkəmənin qərarından hamımız şokdayıq. Sevincimiz o qədər böyükdür ki, başqa heç nə danışa bilmirəm”.

Qeyd edək ki, bu günlərdə jurnalist Mir Şahin Ağayev, deputat Çingiz Qənizadə, bir sıra sənətçilər müğənninin bağışlanması üçün çağırış etmişdilər.

Xatırladaq ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin il xalq artistləri Alim Qasımov, Aftandil İsrafilov, Arif Babayev, Mənsum İbrahimov, Zaur Rzayev, Rafiq Hüseynov, Nazpəri Dostəliyeva, İlqar Muradov və Səkinə İsmayılova biraraya gələrək, ölkə prezidentinə və birinci xanıma müraciət etmişdilər, müğənninin azad olunmasını, bağışlanılmasını xahiş etmişdilər.