Xatun: “O məşhurun qızının toyuna gedəndə qonaqlar şok keçirdilər”

“Şou-biznesdə əməliyyatsız müğənnilər çox olmasa da, amma var. Manana, Xalq artistləri Zülfiyyə Xanbabayeva və Tünzalə Ağayeva əməliyyatsız müğənnilər sırasındadırlar”.

Bu sözləri Oxu.Az-a açıqlamasında sözlərini qorxmadan, çəkinmədən deyən məşhur müğənni Xatun Əliyeva deyib. Qalmaqallı çıxışlarla şou əhlinə dağ qoyan sənətçi bir neçə həftə öncə müsahibəsində söylədiyi “Bir məşhur var ki, onu makiyajsız gördüm, 3 gün özümə gələ bilmədim” fikirlərilə bağlı yenidən danışıb. Həmin məşhurun adını çəkməsə də, Xatun sətiraltı mesajları ilə müğənnini iynələdi:

“Həmin müğənnini makiyajsız görəndə şok oldum. Makiyajsız qorxunc görünürdü. Türklər demişkən - doğal hali idi. Adını çəkib reklam etmək istəmirəm. O, plastik əməliyyat keçirməyib. Bəlkə də burnunu əməliyyat etdirsəydi, düzələr, amma çətin (gülür)”.

Parodiyaları ilə tamaşaçıların üzünü güldürüb, şou əhli ilə isə buna görə düşmən kəsilən sənətçi arxivləri bir-bir vərəqləyib, pərdəarxası məqamlardan da danışdı:

“Parodiyaya görə küsülü olduğum bütün müğənnilərlə barışmışam. Könül Kərimova ilə canlı efirlərin birində barışdım. Hətta onun qızının toyuna gedəndə qonaqlar şok keçirmişdi. Onunla yazışıb, qeybət də edirik. Münasibətlərimiz yaxşıdır. Xalq artisti Nazpəri Dostəliyeva ilə də aramızda parodiyaya görə soyuqluq yaşanmışdı. Amma onu Yeni il proqramlarının birində təqdim etdim, o da mənim adımı çəkdi və aramızdakı buzlar əridi.

“Kimi parodiya etmək istəyirsiniz, amma qorxub, çəkinirsiniz?” sualına müğənninin cavabı belə oldu:

“Çox istəyirəm Mətanət Əsədovanı parodiya edim. Amma etmərəm, çünki etsəm inciyər məndən. O kövrək insandır, xətri çox əzizdir. Onun verilişlərdə xətrinə çox dəyirlər. Hər zaman onun yanında olmuşam. Bilirəm ki, Əsədova çox həssasdır. Onu parodiya etsəm, incidə və qəlbinə toxuna bilərəm”.

Üzə gülüb, arxada danışıb, söz aparıb-gətirən, ikiüzlü, mindilli bəzi məşhurları isə Xatun redaksiyamızın əməkdaşı ilə söhbətində ifşa etdi:

“Səhnə camiyəsində elə xoşaqəlməz anlar yaşanır ki. Bir də görürsən ki, həmkarlarımızdan biri üzümə gülür. Üzümü çevirən kimi isə arxamca danışmağa başlayır. Bunlara normal baxıram. Danışsınlar da... Hətta hansısa müğənni ilə mehriban danışanda yaxın ətrafım deyir ki, “Ay Xatun, gedib arxanca olmayan şeyləri danışacaq” sözünə isə cavab olaraq söyləyirəm ki, “Getsin danışsın, belə daha maraqlı olacaq (gülür)”.

Şou-biznes elə bir aləmdir ki, bir göz qırpımında gözdən düşüb, nüfüzunu itirə bilərsən. Burada çox ehtiyyatlı davranmalısan. Əgər sən məşhursansa, media səndən yazmalıdır. Danışanda elə bir strategiya seçməlisən ki, heç kimin qəlbini sındırmayasan. Bəlkə də mənim dilə gətirdiyim sözü başqa bir insan desə, pis qəbul edilə bilər. Amma mənim insanları güldürmək istedadım və bacarığım olduğuna görə, onlar sözlərimi məndən gözəl qəbul edirlər. Hətta atmacalı sözlərim də maraqla qarşılanır. Müğənnilər var ki, müsahibə verməkdən qaçırlar. Amma bu, düzgün strategiya deyil. Əksinə, həmin müğənni geriləyir”.

Bir çox müğənnilər toyların azalmasını və əvvəlki kimi pul qazanmadıqlarını iddia edirlər. X.Əliyeva sənət yoldaşlarının bu iddialarını qəbul etmədi, onları daha çox işləməyə və çalışmağa səslədi:

“Bizim əsas gəlir yerimiz toylardır. Xalqımız bizi dolandırır. Müxtəlif məkanların açılışları olur. Ora gedib qonorarımı alıram. “Instagram”dan da pul qazanıram. Demirəm ki, “qaz vurub, qazan doldururam”, amma qazancımız bəs edir. Əgər kimsə şou-biznesdən pul qazanmırsa, o da əziyyət çəkib iş görsün, gündəmin nəbzini tutsun. Ancaq belə nə isə əldə etmək olar. Necə deyərlər - “işləməyən, dişləməz”.